Bitki yağları alarkən nələrə diqqət edilməlidir?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:24 24.09.2024

Günəbaxan, qarğıdalı, soya, raps, üzüm tumu və araxis yağlarının reputasiyası o qədər də məşhur deyil. Bir çoxları hesab edir ki, onlar sağlamlıqla bağlı bir çox problemlərə, xüsusən, iltihablara səbəb olur, digərləri onun zərərlərini marketinq də, rəqabətlə əlaqələndirirlər.

Bəs, əslində bitki yağları zərərlidirmi? Hansı nüanslara diqqət edilməlidir?

Mövzu ilə bağlı "informator.az"a danışan sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynovanın sözlərinə görə, bitki yağları insan orqanizmi üçün faydalı olan qida məhsullarındadır:

"Xüsusilə də, yağ alarkən istehlakçıların keyfiyyətli yağlardan alması, keyfiyyətli yağlardan istifadə etməsi ən vacib şərtlərdən biridir. Lakin, satışda həm keyfiyyətsiz yağlar eyni zamanda da, qida heydələrindən istifadə olunmuş paketlənmiş yağlar var ki, bu yağları alarkən bəzən istehlakçılar məlumatsız olur. Üzərlərində kərə yağı yazılsa da, içində hər hansısa bir bitki mənşəli yağdan və yaxud hidrogenləşdirilmiş yağ kimi bildirilir. Bu tamamilə qida heydəsidir. İnsanlar kərə yağı adı altında alıb, istifadə etdikləri yağlarda əslində heç kərə yağı istifadə etmirlər. Bitki yağı adı altında yağı alırsa, bu, zaman da, mütləq etiket məlumatlarına diqqət etməlidir. Eyni zaman da, etiket məlumatlarında, əgər kərə yağıdırsa, ən azı 70%-ə qədər təmiz kərə yağından və kərə tərkibli, süd yağından ibarət olmalıdır. Əgər hər hansısa bir qarışıqlıqlardan istifadə olunubsa, bunlardan keyfiyyətli yağ adı altında almağa yol vermək olmaz. Xüsusilə də, bitki yağları, kərə yağları ayrı-ayrı lövhələr şəklində qoyulmalıdır. Təbii ki, bütün məhsullar haqqında istehlakçılar tam məlumatı əldə etmək hüququna malikdir. Eyni zamanda da aldadıcı, biznes maraqları çərçivəsində markalanma bəzən olur ki, hər hansısa bir yağ üzərində inək şəklindən və yaxud kərə bu adlardan istifadə edilir, bu da gələcəkdə onların sağlamlığına təsir göstərir".

Ekspert bitki yağları alarkən diqqət edilməli məqamlardan söz açıb:

"Mütləq şəkildə mənşəyi bəlli olan, istehlakçı şirkət haqqında tam məlumatları olan və içindəki məhsullar tam şəkildə qeyd olunmalı, istehsal tarixinə mütləq şəkildə diqqət etmək lazımdır. Saxlama şəraitinə də, diqqət etmək lazımdır. Yağlar saxlanılarkən digər qida məhsulları ilə birlikdə, saxlanılmamalıdır. Əks halda digər məhsulların dadında, qoxusunda, görünüşündə hər hansısa bir dəyişikliklər olur ki, bu da insan həyatında gələcəkdə fəsadlara yol aça bilər. Keyfiyyətli yağlardan istifadə etmək məsləhət görülür. Bəzən hazır paketlənmiş məhsullar da, istifadə olunan yağlar keyfiyyətsiz yağlar olur. Faydalı yağ insan orqanizminə mütləq şəkildə gündəlik lazımdır. Həm insanın enerjili olmasına görə, həm də daxili orqanların funksiyalarını düzgün yerinə yetirmələri üçün gündəlik qəbul edəcəyi yağ miqdarını keyfiyyətli, təbii yağlardan almalıdır. Əks halda, təbii ki, müəyyən ürək-damar xəstəliklərinə, eyni zamanda da, digər xəstəliklərə yoluxma riski daha da çoxalır. Keyfiyyətsiz yağlardan uzaq olmaq üçün mütləq şəkildə məhsulu alarkən, satış yerindən məhsulun qablaşdırılması, daşınması bütün proseslərdə, qida zənciri qırılmamalıdır. Bu da malın keyfiyyətinə təsir edir".

Nigar Səmədli