"Valideynlər fərqində olmadan uşaqdan emosional şəkildə uzaqlaşır"-RƏY

Bölmə: Sosial › ,
Tarix: 12:54 03.10.2024

Dünyada aparılan yeni araşdırmanın nəticələrinə görə, uşaqlar idmanla məşğul olmurlar. Həmçinin Avropada 3-4 yaşlı hər dörd uşaqdan üçü ekran qarşısında çox vaxt keçirir, kifayət qədər yatmır və gündəlik hərəkətdən məhrumdur.

Bunun səbəbləri nələrdir?

Mövzu ilə bağlı Psixoloq Aynur İsmayılova "informator.az"a açıqlamasında bildirir ki, ekran qarşısında oturan uşaqlara hiperaktivlik biraz da daha təkan verir:

"Bu tam hiperaktivlik olmasa belə, ekranda olan film, mutfilim və müəyyən oyunlar uşaqların beyin mexanizmində daha sürətli hər bir şeyin olmasına təkan verir. Buna görə də uşaqların məktəb fəaliyyətində və bağça fəaliyyətində biz müxtəlif çətinliklərlə üzləşirik. Eyni zamanda bəzən valideyn rahat olsun deyə ( yeməyini bişirsin, evini yığışdırsın) telefonu özü uşağın qarşısına qoyur. Bu zaman valideyn fərqində olmur ki, özü uşaqdan emosional şəkildə uzaqlaşır".

Psixoloqun sözlərinə görə, eyni zamanda da uşaq ekran qarşısında çox vaxt keçirir deyə yuxusu pozulur:

"Uşaqlar 6 yaşına kimi müşahidə etdikləri, gördükləri hər şeyi beyinlərində analiz edirlər və yuxu pozuntusunun səbəbi isə həmin o ekranda olan mavi işığın bizim həyatımızda olmamasıdır. Mavi işıq əslində kosmosda olan işıqdı və bizim gözümüzə çox ziyandır. Bu mavi işığın uşaqlara təsiri çox yüksəkdir. Çünki onların beyni, immuniteti hələ həyatda yaşamağa yeni öyrəşir və valideynlərə tövsiyəmiz o olardı ki, siz uşağınızla çox vaxt keçirin. Elə şərait yaradın ki, onlar sizdən nağıl oxumağı özləri tələb etsinlər. Nağıl prosesində valideyn ona izah edir, uşaq xəyal qurur. Təəsüf ki, ekran başında çox oturan uşaqlarda xəyal qurmaq aşağı olduğuna görə  həmin uşaqların nitq qabiliyyəti də aşağı olmağa başlayır və yenə də valideyn burada ikitərəfli əziyyət çəkir. Bunun olmaması üçün valideynlər uşaqları ilə çox vaxt keçirməlidirlər".

Sevinc Zeynalova