Azərbaycanda qida təhlükəsizliyinin cari vəziyyəti necə qiymətləndirilir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 22:36 03.10.2024
"Qida məhsullarının təhlükəsizliyinin qorunması tarladan süfrəyədək bütün mərhələlərində nəzarət olunmalıdır ki, qidaların hər hansı çirklənməsinin qarşısını almaqla yanaşı, eyni zamanda onların istehlakçıya keyfiyyətli şəkildə gəlib çatmasını təmin edə bilsin. Əgər hər hansı bir zəncirdə qırılma baş verərsə, bu, məhsulun tərkibinin dəyişməsinə, keyfiyyətinin aşağı düşməsinə və insan sağlamlığına problemlər yaratmasına gətirib çıxarar".
Bu sözləri "informator.az"a açıqlamasında
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova söyləyib.
Ekspert idxal məhsullarının təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan tənzimləmələrdən də bəhs edib:
"Bu kimi halların qarşısını almaq üçün Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir ki, bu da birbaşa olaraq həm ölkə ərazisində istehsal olunan məhsulların satışı və istehsal zamanı, həm də ölkəyə idxal olunan məhsulların təhlükəsizliyinin qorunmasında qanunvericiliklə tənzimlənən bütün qaydalara əməl olunmasını təmin edirlər. Bununla yanaşı əhalinin sağlamlığının qorunması üçün mütəmmadi olaraq bir çox monitorinqlər keçirirlər ki, bu monitorinqlər də istər istehsal müəssələrində, istər ictimai iş obyektlərində, istərsə də satış obyektlərində həyata keçirilir və həyata keçirilərkən də xoşagəlməz hallar, qanunuuyğunsuz hallar və nöqsanlar aşkar olunduqda ictimaiyyətə açıqlamaqla istehlakçıların məlumatlandırılmasını da təmin edirlər. Bir çox hallarda idxal olunan məhsullar həm məhsulların növünə görə, eyni zamanda da ölkələrinə görə dəyişir. Bunların içində bütün təbəqələrə uyğun olaraq məhsullar Azərbaycana idxal olunur. Aşağı səviyyədən tutmuş premium qidalara qədər biz bütün satış obyektlərində istənilən qida məhsulunda idxal məhsulu ilə rastlaşa bilərik və əsasən, diqqət edəcəyimiz məqam etiket məlumatlarının doğruluğu, istehsalçı şirkət haqqında məlumatın tam olması, məhsulun tərkibi ilə bağlı məlumatların ətraflı şəkildə verilməsi, eləcə də onun saxlama şəraiti göstərilməlidir. Bütün bunlarla yanaşı ən önəmlisi istehsal tarixi və son istifadə müddəti göstərilməlidir. İdxal olunan məhsullarda isə yerli məhsullardan fərqli olaraq son istifadə tarixindən əlavə Base Before, Use Before şəklində yazılan tarixləri də görə bilərik ki, bu da son istifadə tarixindən başqa müəyyən tarixə qədər istifadə olunmalıdır və yaxud da bu tarixə qədər daha keyfiyyətli şəkildə olduğunu qeyd edir ki, bu da qidanın əsas göstəricilərindən biridir. Eyni zamanda satış nöqtəsində hər hansı bir qidanı alarkən diqqət edəcəyimiz əsas məqamlardan biri də məsələn, üzərində yazılıbsa, əgər müsbət 5-dərəcədən 20-dərəcəyə qədər saxlanılmalıdır, biz bunu günəş şüaları altında görürüksə və yaxud daha yüksək temperaturda satıldığının şahidi oluruqsa, həmin məhsulun bir mənalı şəkildə tərkibində müəyyən dəyişikliklərin olduğunu bilməliyik və bu kimi məhsulları almaqdan qaçmalıyıq".
Məhsəti Hüseynovanın sözlərinə görə, xaricdən gətirilən məhsulların məhsula müvafiq olaraq texniki normativ hüquqi adları ,müvafiq təsdiq, qeydiyyat, sertifikatlaşma kimi sənədləri olmalıdır:
"Həmin məhsullar gömrük nəzarətindən ölkəyə keçdikdə belə onların Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanışı həyata keçirilir ki, burada da hər hansı bir uyğunsuzluq olduqda həmin məhsulun ölkəyə gətirilməsinin qarşısı alınır. Bu kimi hallar da demək olar ki, normativ hüquqi adlarla tənzimlənir. Bütün bunlara baxmayaraq, yenə də bir çox hallarda idxal məhsullarının rəf ömrü uzun olsada həmin müddətdə satılmadıqda geri qaydış və utilizasiya kimi proseslərin keçirilməsi də insanlara açıq olmalıdır ki, ən azından istehlakçılar vaxtı ötmüş məhsulların məhv olunma prosesini görsünlər. Bu da birmənalı şəkildə həm həmin şirkətlərə, həmin o şirkətlərin Azərbaycan üzrə məhsullarını gətirilən, satışını təmin edən şirkətlərində istehlakçılar arasında inamının olmasını daha da gücləndirər".
Ekspert bildirib ki, yerli istehsal
məhsullarının keyfiyyətinin qaldırılması, yaxşılaşdırılması ilə də bağlı müvafiq işlər aparılmalıdır:
"Çünki əksər halda bir çox istehlakçıların yerli məhsullara əlçatanlığı daha çoxdur. Burada qiymət amili də böyük rol oynayır. Hər kəsin büdcəsinə uyğun, qiyməti əlçatan şəkildə olduqda, bu zaman yerli məhsullara tələbat daha da çox olur ki, burada da diqqət olunacaq məqamlardan biri də keyfiyyətin artırılmasıdır. Çünki insanlar bəzən məlumatsızlıqdan və yaxud da məhsula güvənin olmadığından xarici məhsulun daha keyfiyyətli olduğu üçün ona üz tuturlar. Burada yerli məhsulların da keyfiyyətinin artırılması çox önəmlidir. Çünki yerli məhsullarda həm rəf ömrün az olması, tərkibində konservantların, kimyəvi maddələrin az istifadə olunması, eyni zamanda da daşınma prosesi ölkə daxilində daha asan və ucuzbaşa gəldiyi üçün məhsulun daha aşağı qiymətə olmasını da təmin edir ki, bu da əsas amillərdən biridir".
Fatimə Abdulrəhimli