"Belə müəllimlərə sərt cəza tətbiq olunmalıdır..."-Ekspertdən ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 18:35 04.10.2024

"Bu günün reallığı odur ki, repetitor olmadan, universitetə girmək və yaxud da yüksək bal toplamaq qeyri-mümkün hala çevrilib. Bu baxımdan repetitorluğun legallaşmasına, yəni qanuniləşməsinə ehtiyac var. Bu xidmət sahəsi də vergiyə cəlb edilə bilər".

Bu sözləri "informator.az"a müsahibəsində elm və təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. Ekspert deyir ki, cəmiyyətdə elə bir fikir formalaşıb ki, repetitor hazırlığı olmadan ali məktəbə qəbul qeyri-mümkündür:

"Amma bunu fənn müəllimi fürsət bilib öz şagirdlərini məcburi hazırlığına cəlb etməməlidir. Belə  müəllimlərə sərt cəza tətbiq olunmalıdır. Bu hal şagirdin dərsdən yayındırılması kimi qiymətləndirilə bilər. Qanunvericilikdə bununla bağlı müəyyən cəza tədbirləri nəzərdə tutulub.  Belə hallar varsa, bu, gizlədilməməlidir. Əksinə açıq şəkil də bəyan edilməlidir.

Şagirdlərini öz hazırlığına cəlb edən müəllimin məktəbdə keçdiyi dərsinin keyfiyyəti onu düşündürməyəcək. Fürsətcil müəllim başqa pedaqoqdan hazırlıq keçən şagirdi də "gözümçıxdıya" salacaq, qiymətini endirəcək. Bu da oldu bazar. Həmçinin öz şagirdini pullu hazırlığına cəlb edən müəllim ciddi qəbul edilməməli, bu davranış qeyri-etik qiymətləndirilməlidir".

 

Nigar Səmədli