ABŞ-də avtomobil alınmasında problem: Azərbaycandan olan sifarişlərin aqibəti necə olacaq ?
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:41 09.10.2024
Son günlər Amerika bazarından avtomobil alınmasında bəzi məhdudiyyətlər yaranıb.
Bu səbəbdən ölkəmizdəki yerli şirkətlər müştərilər üçün Amerika hərraclarından, xüsusilə bəzi ştatlardan avtomobil alınmasını qeyri-müəyyən vaxta qədər təxirə salıblar.
Bəs, bu problemdən sonra Azərbaycandan olan sifarişlərin aqibəti necə olacaq ?
Məsələ ilə bağlı "informator.az"a müsahibəsində iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, Amerikadan Azərbaycana avtomobil sifarişi avtomobil bazarının elə də böyük seqmentini təşkil etmir:
"Bu, çox kiçik seqmentə malikdir. Hesab olunur ki, birbaşa Amerikadan deyil, digər ölkələrdən Amerika avtomobillərini satın alıb, Azərbaycana gətirmək olar. Eyni parametrli yaxın keyfiyyətli məhsulları başqa bir markalara dəyişmək mümkündür. Tutaq ki, Alman maşınları almaq olar, Çin maşınları almaq olar, Avropanın digər maşın markalarından, Yaponiya maşın markalarından həmin Amerika maşınlarını əvəz etmək olar. Azərbaycanın tələbatı seqment üzərindən ödəniləcək. Bu problemi bazar iştirakçıları çox asanlıqla həll edə bilər".
Nigar Səmədli