Bağçalarda uşaqların təhlükəsizliyi necə təmin edilir?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 20:46 09.10.2024

Övladlarınızın təhsil yolunda ilk dayanacağı olan uşaq bağçaları uşaqların bacarıqlarını inkişaf etdirən cəlbedici fəaliyyətləri özündə cəmləşdirən rəqabətsiz mühitdir. Uşaq bağçası onların təhsil həyatları üçün möhkəm zəmin yaradır. Bağça təkcə təhsil vermir, həm də övladınızın sosial və emosional inkişafına da dəstək olur.

Bəs məktəbəqədər təhsil müəssisələrində uşaqların təhlükəsizliyi necə təmin edilir?

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən 1900-dən çox dövlət və özəl bağça var:

"Bu, bütün respublikanı əhatə etmir. Onsuz da onların sayı azlıq təşkil edir. Bəzi yerlərdə də görürük ki, sıxlıq səbəbindən valideynlər övladlarını bağçalara yönəldə bilmir. Elm və Təhsil nazirliyi sözügedən istiqamətdə işlər görür. Gözləntimiz ondan ibarətdir ki, qarşıdakı dövr ərzində yeni bağçaların tikilməsi ilə bu sıxlıq aradan qalxacaq. Bağçaya qəbul aparılırsa, mütləq uşaqların sağlamlıq və təhlükəsizliyi ən prioritet amil olmalıdır. Müvafiq olaraq onların bilik və bacarıqlarının formalaşmasında iştirak edən məktəbəqədər təlim və tərbiyə ixtisasını bitirmiş şəxslər, o cümlədən bağça rəhbərliyi məsuliyyət daşıyır. Burada verilən qidalardan tutmuş azyaşlıların bağçada yatmaları, oyanmaları, geyimlərini dəyişmələri və s. hamısı diqqətdə saxlanılmalıdır".

Ekspertin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində mühafizə xidməti təşkil olunmalıdır:

"2020-ci ilə qədər bağçalar yerli icra hakimiyyətinin tabeliyində idi və həmin o tabelikdən də bir çox hallarda fürsət kimi istifadə olunurdu. Bağça rəhbərliyinə aidiyyatı olmayan şəxslər təyin edildi. Eyni zamanda müəllimləri işə götürən zaman qeyri-ixtisas sahibləri də seçildi. Nəticədə xaos yarandı. 2022-ci ildə Dövlət Başçısının müvafiq Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə tapşırılandan sonra məktəbəqədər təhsil müəssisələri artıq sözügedən sahədə müəyyən bir islahatların aparıldığını görürük: mərkəzləşmiş qaydada şagirdlərin və müəllimlərin qəbul imtahanların keçirilməsi və s. Növbəti dönəmlərdə isə faktiki çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi və sertifikasiyası keçiriləcək. Onun ardınca həmin müəssisə rəhbərlərinin də sertifikasiya, diaqnostika prosesinə cəlb olunması ilə bir çoxlarının vəzifəsindən uzaqlaşdırılmasını müşahidə edəcəyik. Bu isə qeyd olunan istiqamətdə şəffaflığın yaranacağını deməyə əsas verir. Məhz sözügedən proseslərdən sonra təhlükəsizlik və sağlamlıq məsələlərinin də tam təmin edilməsinin şahidi olacağıq".

Mehriban Nəsibova