"Distant təhsil kompüterin bu başında müəllim, o biri başında şagird olması deyil"-RƏY
Bölmə: Sosial › ,Tarix: 21:31 09.10.2024
Höteborq və Upsalada tətbiq edilmiş yenilik sosial, psixoloji və ya tibbi səbəblərdən məktəbə gedə bilməyən uşaqlar üçün təhsilin təmin edilməsini nəzərdə tutur.
Belə bir qərar Azərbaycanda olarsa, bu, təhsil sisteminə necə təsir edər?
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nurizadə "informator.az"a açıqlamasında bildirir ki, bizdə distant təhsil təkcə problemli şəxslər üçün yox, ümumən normal şagirdlər üçün də tətbiq edilməlidir:
"Artıq dünyanın bir çox ölkələrində əyani təhsil ilə yanaşı distant təhsil də seçim variantlarından biri kimi təklif edilir. Distant təhsil forması üçün mütləq pandemiyanın və bundan sonra yaranacaq prosesləri gözləmək lazım deyil. 21-ci əsrin tələbi süni intellekt dövrün əsas tələbi distant ilə əyani təhsili birlikdə qəbul edir. Deyə bilmərik ki, ənənəvi təhsilə son qoyaq, distant təhsilə keçilsin, yox, biz bunu istəmirik və bu mümkün də deyil. Məktəb, universitet klassik anlayışlardır və bunlar həmişə qalacaq. Süni intellektin gələcəkdə ən çox inkişaf etdiyi vaxtda da bunlar öz mövcudluğunu qoruyub saxlayacaq".
Ekspertin sözlərinə görə, distant təhsilə keçid insanların sağlamlıq və digər göstəricilərindən asılı deyil:
"Ümumən dövrün tələbidir. Biz yalnız fiziki əngəlli şəxslər üçün distant təhsil formasını deyiriksə, məsələyə natamam baxmış sayılırıq. Misal olaraq qeyd olunur ki, isveç məktəblərində fiziki əngəlli şəxslər üçün distant təhsil təklif edilir. Bu çox yaxşı haldır. Fiziki əngəlli şəxslər üçün xüsusi siniflər var və bu dünyanın hər yerində fəaliyyət göstərir. Amma inkuliziv təhsilin distant formaya keçirilməsi düşünürəm ki, ağıllı addımdır. Bir neçə istiqamətdən buna müsbət yanaşmaq olar. Bizdə bu həyata keçirilə bilər və bunun həyata keçirilməsi o qədər də çətin proses deyil. Amma bir məsələ də var ki, biz distant təhsil deyəndə bir az ehtiyatlı olmalıyıq. Distant təhsil demək kompüterin bu başında müəllim, o biri başında şagird olması deyil. Distant təhsilin özünün metodologiyası, özünün öyrətmə prinsipləri və özünün pedaqoji şərtləri var. Biz əvvəlcə bununla bağlı inkişaf etməliyik".
Sevinc Zeynalova