Psixoloji yardıma artan tələb: Azərbaycanda müharibə veteranları üçün xidmətlər yetərlidirmi?
Bölmə: Sosial › ,Tarix: 20:40 21.10.2024
"Psixoloji yardımın əhəmiyyəti böyük olsa da, müharibə veteranları və digər travmatik təcrübələr yaşamış şəxslər dövlətin psixoloji xidmətlərindən istifadə etməkdə tərəddüd edirlər. Bunun bir səbəbi dövlətin psixoloji mərkəzlərində bəzi müalicə və terapiya metodlarının tətbiq olunmamasıdır".
Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Gülnar Orucova söyləyib.
Psixoloq müharibə sonrası travma (PTSD) ilə mübarizə yollarından da bəhs edib:
"Azərbaycan ordusunda xidmət edən hərbçilərin müharibədən sonra psixoloji dəstəyə ehtiyacı olduğu aydındır. Müharibə şəraitində bədənimizin stressə verdiyi reaksiya bəzən dərhal anlaşılmır və travmanın təsiri yalnız müharibədən sonra ortaya çıxır. Post-travmatik stress pozuntusu (PTSD) kimi xəstəliklər döyüşçülərdə tez-tez müşahidə edilir və onların müalicəsi psixoloji terapiya, nevroloji və psixiatrik müalicələrin birgə tətbiqi ilə mümkündür. Psixoloji yardımın əhəmiyyəti böyük olsa da, müharibə veteranları və digər travmatik təcrübələr yaşamış şəxslər dövlətin psixoloji xidmətlərindən istifadə etməkdə tərəddüd edirlər. Bunun bir səbəbi dövlətin psixoloji mərkəzlərində bəzi müalicə və terapiya metodlarının tətbiq olunmamasıdır. Məsələn, bəzi terapiya növləri dörd modullu sistemə əsaslanır və hər modulun qiyməti 500 manatdır, bu isə dövlətin psixoloqlarına ödənilən məvacibin yetərli olmaması ilə nəticələnir. Nəticədə, vətəndaşlar özəl psixoloji mərkəzlərə müraciət edir, çünki orada daha geniş xidmətlər və savadlı psixoloqlar mövcuddur. Özəl sektorda çalışan bəzi mərkəzlər isə bayramlarda qazilərə endirimlər təklif edir. Dövlət olaraq, psixoloji yardıma ehtiyacı olan şəxslərə daha güclü dəstək göstərilməlidir. Travma ilə mübarizə və post-travmatik stress pozuntusu kimi xəstəliklərə qalib gəlməyin yeganə yolu müalicədir və bu müalicə psixoloqlar tərəfindən təyin olunmalıdır. Bəzi özəl klinikalarda psixoloji müayinələr sığorta paketlərinə daxil edilmir".
Gülnar Orucovanın sözlərinə görə, Azərbaycanda bu qədər psixoloq olmasına baxmayaraq, müharibə dövründə Türkiyədən psixoloqların gətirilməsi ehtiyacı ortaya çıxdı:
"Bu vəziyyət ölkədəki psixoloqların kifayət qədər ixtisaslı olmadığını və psixoloji yardımın səviyyəsinin yetərsizliyini göstərir. Psixoloq olmaq sadəcə qısa müddətli kursları bitirmək deyil. Azərbaycanın müxtəlif bölgələrinə, xüsusilə də Tərtər, Ağdam və Füzuli kimi müharibədən zərər görmüş rayonlara psixoloqlar göndərilib, lakin mütəxəssislərin sayı kifayət qədər çox deyildi. Əgər vətənin keşiyində durub qoruyanların psixoloji vəziyyətində gərginlik varsa, bir psixoloq kimi humanizm prinsipindən çıxış edərək onlara dəstək olmaq lazımdır. Dövlət səviyyəsində psixoloji xidmətlərin mövcudluğuna baxmayaraq, bir sıra məhdudiyyətlər və çətinliklər qalmaqdadır. Azərbaycanda qazilərə və müharibə veteranlarına göstərilən dəstək önəmlidir, lakin bu imtiyazlardan sui-istifadə halları da mövcuddur. Müharibədə iştirak etməyən bəzi şəxslər qazilərin statusundan yararlanaraq cəmiyyətin mərhəmətindən istifadə edirlər. Bu, həqiqi qazilərə lazım olan dəstəyin azalmasına və sosial ədalətsizliyin yaranmasına səbəb olur. Problemin həlli üçün dövlətin daha ciddi nəzarət mexanizmləri tətbiq etməsi və qazilərin statuslarının dəqiq müəyyənləşdirilməsi vacibdir. Bu, həm sosial ədalətin qorunmasına, həm də ehtiyac duyan qazilərin dəstəklənməsinə kömək edəcək".
Fatimə Abdulrəhimli