İnsultun yaranma səbəbləri və törətdiyi fəsadlar...-Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 19:48 22.10.2024
Son illərdir ölkəmizdə insult halları sürətlə artır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycan insult nəticəsində ölüm hallarının yüksək olduğu ölkələr arasındadır. Ümumilikdə ölkədə hər il təxminən 11 mindən çox insan insult keçirir.
İnsult hansı riskləri özündə daşıyır? Xəstəlikdən qorunmağın yolları nələrdir?
Mövzu ilə bağlı "informator.az"a danışan nevroloq Rəna Abbasova bildirir ki, insult beyin qan dövranının kəskin pozulması nəticəsində baş-beyində ocağlı zədələnmənin yaranması ilə xarakterizə olunan sindromdur:
“İnsultun 2 növü var – işemik və hemorragik. İşemik insult qan təchizatının çatışmazlığı nəticəsində, hemmorragik insult isə beyinə qan sızması nəticəsində yaranan zədələnmədir. Kəskin baş ağrısı, ürəkbulanma, baş gicəllənməsi, huşun alaqaranlıq olması, xüsusilə bir ətrafda zəifliyin və hərəkətsizliyin olması, koordinasiyanın və tarazlığın, nitqin, hər iki gözdə görmənin pozulması insultun əsas əlamətləridir".
Həkim xəstəliyin səbəblərindən və qarşısının alınması yollarından da bəhs edib:
“Arterial hipertoniya, tütün və narkotik vasitələrdən istifadə, şəkərli diabet, ürək xəstəlikləri, keçirilmiş insult və ya TİH, yuxu arteriyalarının stenozu, hiperkoaqulyasiya ilə müşayiət olunan hallar, az hərəkətli həyat tərzi, alkoqolun həddindən çox qəbulu, oral kontraseptivlərin qəbulu (hamiləlik əleyhinə həblər) və.s bu qrupa aiddir.
Modifikasiya edilə bilinməyən risk amilləri isə yaş, kişi cinsinə mənsubluq, irq və genetik meyllilikdir. Bu xəstəlikdən qorunmaq üçün xəstələr düzgün qidalanmalı, arterial qan təyziqini artıran qidalardan uzaq olmalı, aktiv həyat tərzi sürməli, idmanla mütəmadi olaraq məşğul olmalı və stressdən uzaq durmalıdırlar. İnsultun müalicəsi ən qısa müddətdə həyata keçirilməlidir. Xəstəyə vaxtından tez müdaxilə olunarsa, stasionar şəraitdə xəstəliyin dinamikasında müsbət nəticə olarsa, xəstəliyin sağalma ehtimalı da yüksək olur.
Nəfəs aldığımız hər iki saniyədən bir bədənimiz bu riski daşıyır və təhlükə bizi gözləyir… Sağlamlığımızın qeydinə qalaq və daim həkim müayinəsindən keçək".
Mehriban Nəsibova