Son dövrlərdə qadın cinayətləri və zorakılıq halları niyə artır?-RƏY
Bölmə: Sosial › ,Tarix: 22:11 22.10.2024
Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda da ən aktual məsələlərdən biri olan qadın cinayətləri, qadınlara qarşı zorakılıqdan danışsaq yerinə düşər. Hansı ki, əvvəl xarici telekanallarda qadın cinayətləri gördükdə bizə qəribə gəlir, halımıza şükür edirdik. Lakin düşünmürdük ki, bu cinayətlər bizdə də artacaq və hətta qonşuluğumuzda baş verəcək.
Son dövrlərdə Azərbaycanda və dünyada qadın cinayətlərinin (femicide) statistikası ciddi narahatlıq doğurur. 2022-ci ildə dünyada təxminən 88,900 qadın qəsdən öldürülüb, bunlardan 48,800-ünü həyat yoldaşı və ya ailə üzvləri törədib. Bu, ümumi qadın qətllərinin təxminən 55%-ni təşkil edir. Azərbaycanda isə qadın qətlləri nisbətən aşağı olsa da, hər 100,000 nəfərə düşən 1.3 qadın öldürülür ki, bu da regionda narahatlıq yaradan bir rəqəmdir.
Qlobal olaraq, femicide hadisələri daha çox qadınların ailə içində və ya yaxın münasibətlərdə baş verir. Həm də qadınların ev içində qarşılaşdığı zorakılıq dünyadakı digər növ zorakılıqlardan daha təhlükəli hesab edilir.
Bu vəziyyət Azərbaycanda da artan diqqət tələb edir və qadın hüquqlarının qorunması istiqamətində ciddi addımların atılmasını tələb edir.
Ümumiyyətlə bu cinayətlərin kökündə dayanan və son dövrlərdə bu cinayətlərin artmasına səbəb olan amillər nələrdir?
Mövzu ilə bağlı "informator.az"a müsahibəsində psixoloq Gülnar Sadıqova qeyd edir ki, qadın cinayətləri hər zaman olub:
"Sovet dönəmində də bu cinayətlərə rast gəlinirdi. Lakin sovet dönəmində bu kimi cinayətlərin qəzetdə dərc edilməsi və televiziyada yayınlanması qadağan idi. Çünki insanlar oxuduğu və gördüyü hadisələrdən təsirlənir və özünə pay biçir. Bu gün qadın cinayətləri sosial şəbəkələrdə çox tez yayılır və bu yayılma heç də yaxşı bir hal deyil. Belə ki, hansısa qadının cinayətini sosial platformalarda böyük kanallar paylaşır. Hər kəs öz pəncərəsindən baxdığı üçün xəbər heç də hər kəsdə eyni təəssüratı yaratmır. Cinayətkarı cəmiyyətdə müəyyən kütlənin alqışladığı hallar da olur. Bu xəbəri görən, həmçinin şərhlər bölməsini oxuyan insanlarda da müəyyən fikir ayrılıqları və həmçinin fikir dəyişilməsi də olur. Biz uşaq olanda valideynlərimiz həyətin qaranlıq hissəsinə buraxmırdı ki, orda bizə ziyan vuracaq insanlar ola bilər və bu gün həyətin qaranlıq hissəsi məhz sosial şəbəkələrdir".
Gülnar Sadıqovanın sözlərinə görə, qadınların cinayətə qurban olmasının bir başqa səbəbi kişi psixologiyası və onu oyadan kütlədir:
"Ailədə yaranmış hansısa problem boşanmaya səbəb olur və əksər hallarda kişilər bu boşanmanı həzm edə bilmirlər. Bəzi kişilər düşünür ki, həyat yoldaşı ondan ayrıldıqdan sonra onun namusuna ləkə gələcək. Lakin düşünmür ki, namus onun yox qadının namusudur. Burada da artıq düşüncələr yaranır ki, qadın heç kəslə danışa bilməz və mənim uşağıma başqası atalıq edə bilməz. Həmçinin kənar müdaxilələr də narazılığın cinayətə qədər getməsinə səbəb olur. Cinayəti törədən şəxsdə özünü qəhrəman hiss edir. Çünki onu alqışlayan kütlənin olduğunu bilir. Hardan bilir? Sosial şəbəkələrdə olan şərhlərdən!
Qadın cinayəti törətməyin savadsızlıq və cahilliklə də əlaqəsi yoxdur. Yetərincə qadın cinayəti törədən şəxslər ali təhsilli şəxslərdir.
Hüquq və qanunlar baş vermiş cinayətin təhlilinə və araşdırılmasına xidmət edir və hansısa qanunsuzluğa cəza verməklə vəzifələndirilib. Bu cinayətlərin qarşısını almaq məhz cəmiyyətin borcu və vəzifəsidir. Erkən nikahlar, düşüncə baxımından yetkinlik yaşına çatmayan fərdlərin ailə həyatı qurması, evliliyə tərbiyələndirici bir müəssisə kimi baxılması və bu kimi bir çox hallar aradan qaldırılmalıdır".
Qadın məişət əşyası deyil, o, kişinin arzularını və istəklərini kor-koranə yerinə yetirən bir varlıq deyil. Qadın - anadır, ailənin mənəvi sütunu və dayağıdır! Bu dərin və köklü problemin həlli üçün milli kimliyimizə, ailə dəyərlərimizə arxalanmalıyıq. Hər hansı bir səhv, yanlış anlaşılma fərq etməz; biz qızımızın, yoldaşımızın, anamızın yanında olmalı, onlara dəstək olmalıyıq. Çünki əsl Azərbaycan kişisinə yaraşan məhz budur! Yox, əgər problem ciddidirsə, bununla məşğul olacaq dövlət qurumları var. Bizim can almaq, cəza vermək haqqımız yoxdur!
Biz qadınlarmızın hüquqlarını özümüz qorumalıyıq, onları hüquqsuz vəziyyətə salan biz özümüz olmamalıyıq. Biz kişi zorakılığı ucbatından həyatını itirən analarımızın, qızlarımızın Aytaclarımızın, Fərqanələrimizin, Zülfiyyələrimizin, Fatimələrimizin səsləri olmalıyıq...
Mahmud Əskərli