"Uşaqların telefon asılılığının əsl səbəbi valideynlərdir"-Psixoloqdan ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 21:14 24.10.2024
Son illər sosial şəbəkələr, telefon böyüklərlə bərabər, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilib. Demək olar ki, bəzi hallarda uşaqlar günlərinin yarısını telefonla keçirərək, bir növ ondan asılı hala düşürlər. Belə olan halda onların əşyalarla ünsiyyəti itir, bir növ real aləmdən təcrid olunurlar.
Bəs uşaqları sosial şəbəkələrdən, telefondan necə uzaq tutmaq olar?
Mövzu ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova "İnformator.az"a danışıb. Psixoloqun sözlərinə görə, uşaqların sosial şəbəkələrdən istifadə etməsinə ən birinci səbəb valideyinlərdir:
"Belə ki hər bir uşaq əgər valideyininin sıx-sıx telefonla təmasda olduğunu görürsə, bunu normal hesab edir. Unutmayaq ki, hər bir uşaq valideynin təkrarıdır. Belə-belə də artıq uşaq müxtəlif sosial şəbəkələr və ya valideynin istifadə etdiyi telefonun ekranında qalmış müxtəlif şəbəkələrə girərək tanış olur. Bunu da normal hesab edərək getdikcə adaptasiya olmağa başlayır. Sosial şəbəkələr sürətli sistem və sensor olduğuna görə bu, uşaqların birbaşa diqqətinə pis təsir gösərir, diqqətləri dağınıq, zəif olmağa başlayır. Diqqət dağınıqlığı isə məktəbdə, müəllimlərlə konfiliktə, dərs oxumağa çətinliklərə gətirib çıxarır".
Psixoloq bildirib ki, bu asılılığa son qoymaq üçün valideynlər çalışmalıdırlar ki, uşaqların yanında az-az telefondan istifadə etsinlər:
"Daha çox övladı ilə vaxt keçirsin. Uşaqlar valideynləri ilə kontakt, ünsiyyət aclığını yaşamadıqları müddətcə daha çox telefonla az vaxt keçirməyə məcbur qalacaqlar".
Mehriban Nəsibova