Estetik əməliyyatdan sonra şəxsiyyət vəsiqəsi DƏYİŞDİRİLMƏLİDİRMİ?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 17:16 28.10.2024

Son zamanlarda plastik əməliyyatlarla üz cizgilərində, hətta göz rəngində dəyişiklik edən insanlar həddən çoxdur. Hava limanında və bəzi digər yerlərdə şəxsiyyət vəsiqəsindəki şəkil ilə üz cizgilərindəki uyğunluq yoxlanılır.

Bəs, estetik əməliyyatlardan sonra şəxsiyyət vəsiqələri və xarici pasportlar dəyişdirilməlidirmi?

Bu barədə "İnformator.az"a açıqlamasında kosmetoloq Sahilə Abdulrəhmanova bildirir ki, estetik əməliyyatdan sonra göz rəngi dəyişilirsə, bir insan ciddi səkildə üzündə dəyisiklik edirsə, şəxsiyyət vəsiqəsi də dəyişilməlidir:

"Yəni mənim şəxsiyyət vəsiqəmdə gözüm qonur yazılır, sonra mən bunu mavi elətdirirəmsə, ya həmin əməliyyatlar zamanı hər hansısa bir arayış təqdim olunmalıdır ki, xaricə gedəndə keçirdiyin əməliyyatları təqdim edəsən. Bununla təsdiqlənsin ya da ki, bir insan ildə neçə dəfə özünu 50 formaya salırsa, də şəxsiyyət vəsiqəsi dəyişə bilməz. Hər bir klinikanın nəzdində yer ayırmaq lazımdır ki, ordan keçirilən əməliyyatlarla bağlı bir arayış verilsin".

Sözügedən məsələ ilə bağlı hüquqşünas Mehman Muradlı qeyd edir ki, şəxs özündə dəyişikliklər edirsə, bunu mütləq qeydiyyata almalıdır:

"Gözün rəngi dəyişilibsə, pasportda ilkin olaraq əvvəlki şəkil tamam başqa olub. Pasportun dəyişdirilməsinə müddət qoyurlar. Dəyişdirilmə vaxtı çatmamış göz rəngində ya da digər dəyişikliklər olarsa şəxsiyyət vəsiqəsində qeydiyyata. Şəxsiyyət vəsiqəsində yazılmasa da, fərdi məlumatlarda hamısı öz əksini tapıb. O da sistemə əlavə olunur, bir bazada toplanır. Tutaq ki, sən sərhəddi keçmək istəyirsənsə, baxırlar ki, sənin pasportunda şəklin başqadır, reallıqda tamam başqadır. O baxımdan da bir az qanunvericiliyin o hissəsi dəyişilməlidir. Hüquq elə bir şeydir ki, dinamikdir. Cəmiyyət dəyişdikcə hüquq da dəyişir. Yəni hüquqi tənzimlənmələr dəyişilməlidir".

Kəmalə Vəliyeva