"Oynaq ağrıması o demək deyil ki, sadəcə revmatizmaya görədir" -Həkim AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 09:25 29.10.2024
"Bu gün, sabah yağış yağacaq, dizlərim yaman ağrımağa başlayıb". Bu ifadəni revmatizmi olan böyüklərimizdən tez-tez eşidirik.
Bəs bunun tibbi əsası varmı, yoxsa sadəcə el arasında əfsanədirmi?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, revmatizm oynaq xəstəlikləridir. Ona görə də soyuq hava, nəm olduqda oynaqlarda həmin əlamətlər özlərini göstərir:
"Oynaq ağrıması o demək deyil ki, sadəcə revmatizmaya görədir. Öncəliklə analiz olunmalıdır, diaqnoz dəqiqləşdirilməlidir. Sadəcə olaraq xroniki yəni, uzunmüddət xəstə olanlar bilir ki, onda revmatizm var. Soyuq hava olduqda yaxşı müalicə almadığı üçün, həkimin dediklərini etmədiyi üçün artıq oynaqlarda ağrılar özünü göstərməyə başlayır. Oynaqlarda hər hansı bir ağrı olduqda həkimə müraciət etmək lazımdır. Etiraf edək ki, səhətmizlə bağlı bir problem yarandıqda səhlənkar yanaşırıq. Bu bədənə çox ziyandır. Çünki bədənin bir yerində problem olduqda, digər orqanlarda başlayır həmin orqanın yükünü özlərinə çəkirlər və nəticə etibarı ilə orqanlar zəifləməyə başlayır. Ona görə müəyyən yaşdan sonra ildə 1 və ya 2 dəfə müayinədən keçmək lazımdır".
Elnurə Kərimova