Erkən nikahlar, təhsildən yayındırılanlar...-Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 19:18 30.10.2024
Dövr dəyişdikcə insanların da düşüncə və həyat fəaliyyətləri buna uyğunlaşır. Yeni texnologiyalarla yanaşı cəmiyyətin də inkişafının, cəhalətin azaldığının şahidi oluruq. Amma çox təəssüf ki, ölkəmizdə bu fikri hər kəsə, əsasən də bir çox bölgələrdə yaşayan əhaliyə şamil edə bilmirik. Hələ də erkən nikahların, qızların təhsildən yayındırılmasının şahidi oluruq.
Bu barədə “informator.az”a danışan aosioloq Mail Yaqub deyir ki, bölgələrdə insanların təhsil, intellekt səviyyəsi böyük şəhərlərə nisbətən azdır:
“Bunun konkret səbəbləri var:
Səbəblərdən biri odur ki, bölgələrdə insanlar sosial şəbəkələrdən az istifadə edirlər. İnformasiyalarını əsasən yerli televiziyalardan alırlar. Yerli televiziyalarımızda da, dəyərli verilişlər yox səviyyəsindədir. Mədəniyyət kanalı insanlara mədəniyyət, təhsil, intellekt öyrətməlidir, ciddi informasiya verən intellekt öyrədən verilişlərin sayı yox səviyyəsindədir. Bunun nəticəsində də onlar övladlarını, xüsusilə qız övladlarını erkən nikaha sövq edirlər. Onun təhsili, inkişafı barədə az düşünürlər".
Sosioloqun sözlərinə görə, problemi aradan qaldırmaq üçün dövlət bölgələrə diqqət ayırmalıdır:
"Bölgələrdə təlimlər çoxaldılmalıdır. İnsanlarla müəllimlərin, təlimçilərin, ziyalıların təmasını çoxaltmalıdır. Məktəblərdə ziyalıların görüşləri təşkil olunmalıdır. Rayon mərkəzlərində ümumi görüş məkanlarında tez-tez təlim keçirilməlidir. Protokol xatirinə yox, həqiqətən, nə isə öyrətmək xatirinə, inkişaf xatirinə təlim keçirilməldir. Televiziyada belə verilişlərin sayı çoxalmalıdır” .
Kəmalə Vəliyeva