Azərbaycanın Meşə Ehtiyatları Təhlükədə: Quraqlıq və Yanacaq Çatışmazlığı Bərpa İşlərini Çətinləşdirir!-Ekoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 19:02 06.11.2024

 

"Ölkədə meşələrin qırılmasının əsas səbəblərindən biri həmin ərazilərin lazımi qaz təminatının olmamasıdır. İşğaldan azad edilmiş ərazilərdə isə bəzi meşə sahələrinin qırılmasına baxmayaraq, müəyyən ərazilərdə pöhrəliklər artıb. Bu ərazilərdə 30 illik pöhrəliklərin mövcudluğu torpaq kasıblamasının qarşısını qismən alıb".

 

Bu sözləri "informator.az"a açıqlamasında Ekoloq Ənvər Əliyev söyləyib. Ekoloq meşə sahələrinin azalmasının qarşısını almasından da bəhs edib:

 

"Azərbaycan ərazisinin təxminən 11,8%-i meşələrlə örtülüdür. Ən iri meşə massivləri Böyük Qafqazın cənub yamacında, Balakəndən Şamaxıya qədər olan ərazidə yerləşir və burada meşə örtüyü təxminən 15-18%-dir. İşğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən insan məskənlərinin izlərinin silinməsi məqsədilə meşələrin bir qismi məhv edilib. Lakin bəzi yerlərdə enerji mənbələrinin mövcudluğu (qaz və işıq) meşə sıxlığının qorunmasına kömək edib. Elə sahələr də vardır ki, xaricdən meşə sıx olsa da, daxil hissələrdə ağaclar seyrəlir və boş ərazilər meydana gəlir. Bu ərazilərdə isə kartof, meyvə bağları və digər bitkilər əkilir. Buna görə də, Azərbaycanın meşələrinin tamamilə məhv edilməsini söyləmək doğru deyil, lakin hər şeyin qaydasında olduğunu da demək olmaz. Bundan başqa, ölkədə quraqlıq meşələrin təbii bərpasını çətinləşdirən digər amillərdən biridir. Keçən il Şəki, Zaqatala və Qax ərazilərində meşələrin təbii bərpasının zəif olduğu müşahidə olunub; yerə düşən toxumların göyərmə nisbəti əvvəlkindən aşağıdır. Belə ki, əvvəllər 10 toxumdan 5-6-sı göyərirdisə, son dövrlərdə nəmlik azaldığından meşə döşənəyi zəifləyib və toxumların göyərməsi çətinləşib. Hazırda ağacların yuxarı hissələrində yarpaqların quruması müşahidə olunur, çünki ağaclar yalnız köklərdən nəmlik alaraq yaşaya bilməz; atmosferdən də nəm ehtiyacı vardır. Abşeron yarımadasında və digər bəzi ərazilərdə də meşələrin suvarılması yaxşı təmin olunmadığı üçün ağacların quruması müşahidə edilir. Ağsu perevalı və Bakı-Balakən yolunun bəzi hissələrində yol kənarındakı ağaclar kəsilir və nəticədə meşələrə ziyan dəyir".

 

Ənvər Əliyevin sözlərinə görə, meşələrin ekosistem baxımından rolu yalnız oksigen istehsalı ilə məhdudlaşmır:

 

" Onlar torpağın eroziyasını qarşısını alır, mikroorqanizmlərə yaşam mühiti təmin edir və torpaq əmələgəlmə prosesində mühüm rol oynayır. Eyni zamanda, meşələr əhalinin qida mənbəyidir; Böyük Qafqazın cənub yamacında yabanı bitkilər yüksək vitamin kompleksi ilə əhaliyə fayda verir və müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Yəni quraqlıq illərində yabanı meyvələr az olur. Amma bu il yağıntılar başladıqdan sonra Böyük Qafqazdakı meyvələr və ağaclar; zoğal, qarağat, yemişan və s. həm istifadə olunacaq, həm də əhalinin qazanc mənbəyi olacaq.  Kiçik Qafqazda, xüsusilə Gədəbəy ərazisində BMT nümayəndələri ilə aparılan tədqiqatlar göstərir ki, buradakı ağacların yuxarı yarısı tamamilə quruyub. Bu vəziyyətin əsas səbəbi İran yaylasından gələn quru cənub küləklərinin təsiridir; bu küləklər meşələrin yuxarı yarpaqlarının qurumasına və büzüşməsinə səbəb olur. Ağacların zəifləməsi onların müxtəlif zərərvericilərin təsirinə qarşı həssaslığını artırır, nəticədə isə meşəsizləşmə prosesi baş verir. Bununla yanaşı, meşə zonalarında qazla təminatın olmaması əhalini odun və kömürdən istifadəyə məcbur edir. Hər bir ağacın kəsilən sahələrində bərpa işlərinin aparılması ekosistemin qorunması baxımından mühümdür. Azərbaycanın bütün kəndləri təbii qaz və digər yanacaq növləri ilə təmin olunmalıdır ki, meşələr qorunsun".

Fatimə Abdulrəhimli