Boşanmalar uşaqlara necə təsir edir?-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 17:45 07.11.2024

Son illər digər ölkələrdə olduğu kimi Azərbaycanda da boşanmaların artmasının şahidi oluruq. Əvvəllər əksərən gənc ailələrdə bu halın şahidi olurduqsa, indi hər kateqoriyanı bura aid edə bilərik. Eyni zamanda boşanmaların ailənin kiçik fərdləri olan uşaqlara da mənfi təsir etməsi danılmaz faktdır.

Boşanmalar uşaqların psixologiyasına necə təsir edir? Gələcəkdə bunun nə kimi fəsadları ola bilər?

Mövzu ilə bağlı "informator.az"a müsahibəsində psixoloq Zeynəb Əyyubova bildirib ki, uşaqların boşanmadan necə təsirləndiyini vurğulamaq önəmlidir:

"Boşanma uşaqlarda narahatlıq, təhlükəsizlik hissinin itməsi və gələcəkdə münasibət problemlərinə səbəb ola bilər. Yaşına və şəxsiyyətinə görə, uşaqlar boşanmanı fərqli yollarla qəbul edir və emosional dəstəyə ehtiyac duyurlar.
Valideynlər uşaqlarla açıq danışaraq, onlara bu vəziyyətdə qıcıqlandığını və narahat olduğunu bildirməkdən çəkinməməlidirlər. Hər iki valideynin onları hələ də sevdiyini və bu vəziyyətin onların günahı olmadığını aydınlaşdırmaq vacibdir".

Psixoloqun sözlərinə görə, valideynlərin ayrı yaşamaqlarına baxmayaraq, uşaqların həyatında müntəzəm və sabit şəkildə qalmaq müsbət təsir göstərir:

"Psixoloq olaraq, uşaqlara danışmaq üçün açıq imkanlar yaratmağı tövsiyə edirik.
Boşanma səbəblərindən danışarkən, müasir dövrdə stressin və maddi problemlərin artması, ünsiyyət çatışmazlığı, anlayışsızlıq kimi amillərin ailələr arasında anlaşılmazlıqlara səbəb olduğunu qeyd edə bilərsiniz. Həmçinin, cütlüklərin bir-birini başa düşməməsi və qarşılıqlı dəstək olmaması da əlaqələrin zəifləməsinə gətirib çıxarır.
Valideynlərə, problemləri bir-biri ilə həll etməyin yollarını tapmağa çalışmaq, ünsiyyəti gücləndirmək və ən əsası, uşaqları boşanma prosesindən mümkün qədər uzaq tutmağı tövsiyə edirəm".

Kəmalə Vəliyeva