Özgüvən əksikliyi - Necə öhtəsindən gəlmək olar?

Bölmə: Sosial › ,
Tarix: 19:42 07.11.2024

Özgüvən duyğusu insan üçün mühüm əhəmiyyət kəsb edən duyğudur. Amma hər insan özgüvənli ola bilmir. Nəticədə özgüvən əksikliyi olan insan özünə inanmamağa, özündən şübhələnməyə başlayır və sevilmədiyini düşünür. 

 

Bəs özgüvən problemi necə yaranır?

 

Bu barədə psixoloq Elmir Əkbər "informator.az"a açıqlamasında bildirib ki, özünə inam hissi insanın ilkin ehtiyaclarından biridir:

 

"Necə ki, ev dirəklər üzərində dayanır, insanın da ruh aləminin bünövrələrindən biri də özünə inam hissidir. Bu hiss ta uşaqlıqdan bəri bizdə formalaşa- formalaşa gəlir və bir insanın nəyi bacaracağını özgüvən hissi müəyyən edir. Ona görə biz həmişə deyirik ki, valideynlər bu məqama çox diqqət yetirsinlər, öz uşaqlarını heç kimlə müqayisə etməsinlər, heç vaxt onların şəxsiyyətlərini aşağılamasınlar ki, gələcəkdə bu özünə inam hissini darmadağın edir və çox ciddi bədxassəli komplekslərin yaranmağına gətirib çıxarır. Belə insan nə qədər bacarıqlı da olsa özünə heç zaman güvənə bilmir. Və həyatda geri qalır. Görürük ki, bu insan heç bir zaman doğru və özünə layiq olanı seçə bilmir. Çünki özünü yüksək seçimlərə deyil, özünü olduğundan aşağı vəziyyətə layiq bilir".

 

 Psixoloqun sözlərinə görə, özünə inam hissinin yaranması üçün insan böyük problemi hissələrə bölüb ayrı-ayrılıqda həll etməyə çalışmalıdır :

 

"Burada psixoloqa da müraciət etmək lazımdır. Bu zaman biz analitik terapiya ilə problemin kökünü araşdırıb tapırıq. Onu aydınlaşdırdıqdan sonra bu problemin ayrı- ayrı hissələrini həll etməyi şəxslərə izah edirik , o özünə uyğun olan metodu seçir və onun üzərində addımlamaqla problemin kökünü aradan qaldırır. Və biz sonra görürük ki, bu şəxs karyerasında və şəxsi həyatında öz layiq olduğu bir səviyyəyə gedib çata bilir".

 

Sevinc Zeynalova