Narsisizim və onun sosial əlaqələrə təsiri

Bölmə: Sosial › ,
Tarix: 20:08 07.11.2024

Özünü ön plana çıxartma və diqqətə ehtiyac duyma ilə xarakterizə olunan narsisizm şəxslərarası münasibətlərdə ciddi problemlərə yol açır. 

 

Bəs narsisizm və onun sosial münasibətlərə təsiri necədir? 

 

Mövzu ilə əlaqədar "informator.az"a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib ki, narsisizm fərdin özünü digər insanlardan üstün görməsi ilə xarakterizə olunan psixoloji bir haldır və bu halın sosial münasibətlərə təsiri genişdir:

 

 

"Çünki narsist şəxslər ətrafdakı insanlarla münasibətdə tez-tez manipulyasiya edir və qarşı tərəfi mənəvi cəhətdən istismar etməyə səy göstərirlər. Bundan əlavə, belə insanlar başqalarının duyğularını və ehtiyaclarını anlamağa çalışarkən çətinliklərlə üzləşirlər. Bu problem isə onlarda empati çatışmazlığının göstəricisidir",-deyə o qeyd edib. 

 

Psixoloqun sözlərinə görə, narsist insanlarda müxtəlif gözləntilər, istəklər özünü göstərir:

 

"Narsist insanlarda qarşı tərəfi idarə etmək istəkləri mövcuddur. Bu istək onlara özlərini güclü hiss etməyə imkan verir. Onlar münasibət zamanı qarşıdakını manipulyasiya edərək öz maraqları naminə istifadə edir. Digər tərəfdən narsist insanlar ətrafdakılardan yüksək dərəcədə tərif və diqqət gözləyir. Gözlədikləri diqqəti ala bilmədikdə narazılıq və məyusluq hissi keçirərək qarşı tərəfi tənqid etməyə başlayırlar. Bu vəziyyət dostluq və ya sevgi münasibətlərində uzunmüddətli problemlərə səbəb olur".

 

Psixoloq bunu da qeyd edib ki, narsisizmin sosial münasibətlərə təsiri mənfi və dağıdıcıdır:

 

"Narsistlər üçün vacib olan münasibətlərin dərinliyi yox, onlar üçün nə qədər faydalı olduğu önəmlidir. Buna görə narsist şəxslərin dostluq və iş münasibətləri qısamüddətli olur. Qarşı tərəf onların istəklərini ödəyə bilmədikdə həmin münasibəti tez bir zamanda sona çatdırırlar. Bunu da bilmək lazımdır ki, narsist davranışlar insanlar arasında güvən duyğusunu zədələyir. Elə bu səbəbdən insanlar narsist şəxslərlə münasibətlərindən sonra mənəvi və psixoloji baxımdan zərbə altında olduğlarını anlayırlar. Həqiqətən, belə insanlar çox təhlükəlidirlər",-deyə o, fikrini yekunlaşdırıb. 

 

Nərgiz Orucova