Həqiqəti gizlədən pozitivlik: -Polyanna sindromu
Bölmə: Sosial › ,Tarix: 21:54 07.11.2024
“Pollyanna sindromu” insanın hətta pis hadisələrdə belə yalnız müsbət tərəflərini görə bilməsidir. “Dünyaya çəhrayı eynəklə baxır” ifadəsini bu sindromu keçirən insanlara aid etmək olar.
Bəs bu sindrom psixoterapiyada hansısa təhlükə yarada bilərmi ?
Bu barədə psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov "İnformator.az"a açıqlamasında bildirib ki, Polyanna sindromunun mənfi tərəfləri və psixoterapiyada yaratdığı təhlükələr, insanın mənfi reallıqları qəbul etmədən yalnız müsbət tərəflərə fokuslanması ilə əlaqədardır:
"Bu sindrom, insana qısa müddət ərzində özünü yaxşı hiss etdirə bilər, lakin uzun müddətli təsirlər baxımından ciddi problemlər yaradır. Pollyanna sindromuna malik insan, həyatdakı mənfi təcrübələri, problemləri və emosional ağrıları inkar edərək, reallığı obyektiv şəkildə dəyərləndirməkdə çətinlik çəkir. Bu da müxtəlif psixoloji və emosional fəsadlara səbəb olur. Sindrom insanın reallıqla uyğunlaşmasını çətinləşdirir. Bu insanlar mənfi hadisələri inkar edir və ya kiçildir, nəticədə problem həllində çətinlik çəkir və onlar yığılır. Reallığın inkarı, insanın problemlərin fərqində olmamasına və onları həll etməməsinə gətirib çıxararır. Bu isə daha sonra ciddi emosional və sosial problemlərə səbəb ola bilər. Digər tərəfdən pollyanna sindromuna malik insanlar mənfi emosiyaları qəbul etməkdən çəkinir və ya onları basdırır. Bu emosiyaların bastırılması daxili narahatlıq yaradır. Bu vəziyyət davam etdikdə, basdırılmış emosiyalar narahatlıq, stress, hətta depressiya kimi pozuntulara səbəb ola bilər. Duyğuların uzun müddətə basdırılması, insanın emosional yüklənməsinə gətirib çıxarır və nəticədə emosional partlayışlar, qəzəb və ya hədsiz ağlama kimi reaksiyalara səbəb olur. Eyni zamanda pollyanna sindromu olan insanlar reallığı qəbul etmədikləri və problemlərlə üzləşməkdən qaçdıqları üçün özlərini inkişaf etdirməkdə də çətinlik çəkirlər. Çünki özünü inkişaf etdirmək üçün insan, çətinlikləri və səhvləri qəbul etməli, onlardan dərs çıxarmalıdır. Lakin Pollyanna sindromu olan insanlar çətinlikləri və problemləri görmədikləri üçün inkişafda etmir və potensiallarını tam olaraq reallaşdırmaqda çətinlik çəkirlər. Pollyanna sindromu olan insanlar, dostları, ailə üzvləri və ya həmkarları ilə münasibətlərində də problemlərlə üzləşirlər. Həqiqətləri inkar etdiklərinə görə, bu insanlar başqalarının problemlərini dərk etməkdə və onların çətinliklərini anlamırlar. Nəticədə, qarşı tərəflə empatiya qurmaqda və dəstək göstərməkdə çətinlik yaşayırlar. Bu da münasibətlərdə anlaşılmazlıq və emosional uzaqlaşmaya səbəb ola bilər".
Psixoloqun sözlərinə görə, polyanna sindromu olan insanlar travmatik hadisələrlə qarşılaşdıqda, bu hadisələrin mənfi təsirlərini dərk etməkdə və qəbul etməkdə çətinlik çəkirlər:
"Bu isə travma sonrası stress pozuntusuna (PTSD) gətirib çıxara bilər, çünki insan travmanın emosional yükünü dərk etməkdənsə, onu inkar edir və ya görməzdən gəlir".
Polyanna sindromunun müalicəsi üçün hansı terapevtik üsullar mövcuddur ?
"Pollyanna sindromunun müalicəsi üçün istifadə olunan terapevtik üsullar arasında, Koqnitiv Biheverial Terapiyası (CBT), EMDR, Egzistensional terapiya və s. qeyd edə bilərik.
Bu üsullar Pollyanna sindromu yaşayan insanlara reallıqla daha obyektiv üzləşməkdə və emosional tarazlıq əldə etməkdə kömək edə bilər".
Meşədiyeva Türkanə