"Cəmiyyətimizdə tənqidə qarşı yüksək həssaslıq var"
Bölmə: Sosial › ,Tarix: 22:11 07.11.2024
Cəmiyyətin inkişafı və müasir dəyişikliklərə uyğunlaşma baxımından son dərəcə əhəmiyyətlidir. Çünki cəmiyyətin necə formalaşdığını, insanların yeni ideyalara və dəyişikliklərə necə reaksiya verdiyini anlamağa kömək edir. Sosial təzyiqin və ənənəvi dəyərlərin insan davranışlarına təsirini araşdırmaq, həmçinin müasir dünyada cəmiyyətin irəliləyişini və innovasiyaların qəbulunu təhlil etmək baxımından vacibdir.
Bəs Azərbaycanda sosial təzyiq və ənənəvi dəyərlər insanların yeniliklərə və riskə yanaşmasına necə təsir edir ?
Mövzu ilə bağlı "informator.az" açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib ki,
Azərbaycanda sosial təzyiq insanların risk etməsinə və yenilikləri qəbul etməsinə maneçilik yaradır:
"Azərbaycan cəmiyyəti ənənələrə və ailə dəyərlərinə yüksək dərəcədə önəm verir. Lakin çox vaxt yeni ideyalar, riskli təşəbbüslər mövcud dəyərlərə qarşı çıxa bilər. Bu da insanların yenilikləri qəbul etməsinə mane yaradır. Digər tərəfdən cəmiyyətimizdə tənqidə qarşı yüksək həssaslıq var. İnsanlar yeni bir iş gördükdə ətrafdan tənqid ediləcəyini düşünərək geri çəkilə bilərlər. Bu da xüsusilə gənc nəsil üçün yaradıcılığı və innovasiyaları məhdudlaşdırır",-deyə o əlavə edib.
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bu kimi halların digər səbəbləri uğursuzluq və risklə bağlıdır:
"Çoxları üçün risk demək uğursuzluq ehtimalı deməkdir. Sabitlik və təminatlı həyat axtarışı insanları riskdən çəkinməyə yönləndirir. Təhlükəsizliyin seçilməsi, əlbəttə, bəzi hallarda doğru ola bilər. Lakin bu yanaşma yenilikləri qəbul etməyə çox zaman mane olur.
Eyni zamanda yenilikləri və risk etməyi təşviq edən təhsil sistemi formalaşmadığı üçün cəmiyyət üzvləri arasında innovativ düşüncə kifayət qədər yayılmayıb. Yeniliklərə açıq olmaq üçün həm də maarifləndirmə işləri aparılmalıdır.
Sosial təzyiq və bu kimi amillər yeniliklərin qəbulunu məhdudlaşdırır. Lakin tədris, maarifləndirmə və daha açıq sosial mühitlə bu çətinliklər aradan qalxacaq",-deyə o, fikirlərini yekunlaşdırıb.
Mahmud Əskərli