O öz batinkasını bizə təklif etdi...- Qazi

Bölmə: Sosial › ,
Tarix: 16:52 08.11.2024

2020- ci il 44 günlük müharibə Azərbaycanın tarixi zəfəri ilə yekunlaşdı. Bu zəfər 30 ilin həsrətinə son qoydu. Soydaşlarımızın topaq nisgili sona çatdı, şəhidlərimizin qisası alındı. Oğullarımız sisli, dumanlı, düşmənin ağlından belə keçməyən sıldırım qayalardan keçdilər. Geri dönmək deyil, irəli getmək haqqında düşündülər. Azərbaycan xalqı bir yumruq altında birləşməyin salnaməsini məhz o vaxt yazdı. İnsanlar hər gün prezidentin çıxışlarını, paylaşımlarını gözləyir, bu gün görəsən hansı yurd yerləri azad olundu deyə maraqlarını gizlədə bilmirdilər.
Bir gözümüz ağladı, digəri isə güldü. Bir tərəfdən şəhid verib "vətən sağ olsun" söylədik, digər tərəfdən isə torpaqlarımızı azad edib "qələbəmiz mübarək" dedik. Hər birimiz şad olmalıyıq ki, tarixə qızıl həriflərlə yazılan o günləri gördük.
Bugünkü müsahibimiz zəfər tarixini yazanlardan biri, Vətən müharibəsi iştirakçısı qazi Musa Abbasovdur.

- Musa bəy, 2020- ci ili necə xatırlayırsınız?

- 2020- ci ili həm qəhrəmanlıq nümunəsi kimi, həm ağır itkilərin olduğu il, həm də zəfər ili kimi xatırlayıram. Döyüş yoldaşlarımı itirməyim, valideynlərinin onları şərəflə qarşılamaları...Bir neçə cümlə ilə ifadə etmək olmaz.

Hansı istiqamətlərdə döyüşmüsünüz?

- Füzuli, Hadrut, Xocavənd istiqamətlərində döyüşdə iştirak etmişəm.

- Xalq həmin il bir yumruq kimi birləşdi. Arxa cəbhədə olsalarda mümkün dərəcədə ön cəbhədə olan sizlərə maddi, mənəvi dəstək olmağa çalışdı. Xalqın sizin yanınızda olmağını hiss etmək necə idi?

- Xalqın bizim yanımızda olması bir döyüş başlamazdan öncə, bir də sonda bilindi. Çünki döyüş ərəfəsində mobil telefondan rahat istifadə edə bilmirdik. Bizi döyüşə Azərbaycan xalqı Beyləqan, Füzuli ərazisindən yola saldı. Sanki onlar döyüşə gedirdilər, biz yox. Mən həmişə deyirəm ki, bizə döyüşdə olanda deyirdilər ki, Azərbaycan ordusu 100 mindən ibarətdir. Amma bu yalnış məlumatdır. Azərbaycan ordusu 10 milyondur.
Qocalar öz dualarıyla, imkanlı şəxslər öz maddi durumlarıyla, cavanlar isə öz dəstəyi ilə bizim yanımızda idi.

- Vətən uğrunda döyüşmək sizin üçün nədir?

- Vətən uğrunda döyüşmək tək cəbhədə döyüşmək deyil. Hər bir Azərbaycan vətəndaşı öz missiyasını yerinə yetirməklə vətənə olan borcunu yerinə yetirir. Müəllim düzgün dərs keçməklə, tələbə yüksək səviyyədə təhsil almaqla öz borcunu ödəməyə çalışr. Bu onsuz da vətənə olan xidmət deməkdir. Təkcə cəbhədə duran əsgər vətənə xidmət etmir. Hər bir Azərbaycan fərdi Azərbaycan Respublikasına xidmət edir.

- "Vətənpərvərlik" sözünü necə ifadə edərdiniz?

Bəziləri düşünür ki, Azərbaycan əskəri yalnız valideyn tərbiyəsi ilə vətənpərvər olur. Bu da bir yanaşmadır. Amma tam düzgün yanaşma deyil. Çünki vətənpərvərlik insanın qanında, canında olmalıdır.

- Hansı medallarla təltif edilmisiniz?

- "Vətən müharibəsi iştirakçısı" və Laçının azad olunmasına görə" adlı medalları almışam.

- Laçın uğrunda gedən döyüşlərdəki iştirakınızdan danışa bilərsiniz?

- Mən Laçın şəhərinin Bülüldüz kəndinə ilk bayraq sancanlardan biriyəm. Buna görə "Laçının azad olunmasına görə" medalı ilə təltif olundum. Bülüldüz kəndində demək olar ki, döyüşdən çox oldum. Döyüş bitdi və biz oranın müdafiəsi üçün yola düşdük.

- Necə oldu ki, müharibədə iştirak etdiniz və ümumi olaraq cəbhədə neçə gün qaldınız?

- Cəbhədə 94 gün oldum. Könüllü olaraq adımı yazdırdım, lakin 26 sentyabr axşam radələrində hərbi komissarlıqdan zəng gəldi. Son Qarabağ müharibəsinə çağrıldım. Səhər saat 6 radələrində orada olmalıydım. Amma gecə saat 3- dən orada idim. Əvvələ qayıdaq... Qarabağ işğal altında idi. Mən hərbi xidmət yolumu 2011- 2013- cü ildə keçdim. Hərbi xidmətdə olanda bizim burada nə etdiyimizi, missiyamızın nə olduğunu düşünürdüm. Tək mən yox bizim hərbi hissədə 1000- dən çox zabit əsgər heyyəti var idi. Hamı belə düşünürdü. Xidmətimiz sonlandı və mülkidə həyatımıza davam etməyə başladıq. 27 sentyabra qədər hər birimiz düşünürdük ki, bizim nəvələrimizdə bunu görəcək. Onlar da hərbi xidmətə gedəcək, hərbi xidməti bitirəcək, sonra döyüşü gözləyəcəklər. Görəsən torpaqları azad etmək kimə, hansı nəsilə qismət olacaqdı deyə fikirləşirdik. Ali baş komandanımızın da vurğuladığı kimi biz onun yetişdirdiyi nəsilik. Biz çox şadıq ki, bu nəsilin nümayəndəsiyik və bu uğura imza atdıq. Öz nəvələrimizə, nəticələrimizə Allah ömür qismət eləsə, uğurumuzdan danışacayıq.

- Müharibə deyəndə ilk olaraq ağlınıza hansı xatirəniz gəlir?

- Müharibə deyəndə ilk ağlıma gələn Muradov Siyavuş- şəhid qardaşımdır. Mənim yanımda şəhid oldu. Son istəyi su idi. Suyu ona çatdıra bilmədim. Mənim üçün ağır travmadır. 10 metr məsafəmiz var idi. Dedim komandir, su 5 litrlik qabdadır. Dedi ki,  ürəyim partlayır ver içim. Suyu götürənə qədər, gedib çatana qədər minomyot düşdü və şəhid oldu. Mən döyüşdə snayperçi idim. Ondan bir gün qabaq inanın səmimiyyətimə atamla telefonla danışırdım. Siyavuş dedi ki, ver danışım, sənin valideyinin mənim valideyinimdir. Dedim ki, nə danışacaqsan, onsuzda onun orada ürəyi partlayır. Dedi ki, yox, ver danışım. Telefonu verdim. Atamla danışdı. Dedi ki, Musa evlənib, mən evlənməmişəm. Mənə dəvətnamə paylamaqda kömək edərsiniz, mən də evlənmək istəyirəm 31 yaşım var, hələ evlənməmişəm. Qəribədir indi mənim 31 yaşım var. Atam dedi ki, böyük məmnuniyyətlə. Siz sağ- salamat gəlin sənin toyunu mən edəcəm. Siyavuş dedi ki, sən bu cür oğul böyütmüsən bu oğul şəhid olmayacaq. Mən şəhid olaram, amma qoymaram əsgərim şəhid olsun. Dedi ki, o mənim snayperistimdir. O erməni öldürməyə gəlib, şəhid olmağa yox. Yolda da həmin sözü deyirdi.
Bilirsiniz ki, biz avtobuslarla irəlləyirdik. Beyləqanda Siyavuşun atası bizim avtobusa yaxınlaşdı. Çəkmə(batinka) gətirdi. Siyavuşa verdi ki, çəkmələrin parçalansa, ya nə isə olsa yenisi ilə əvəz edərsən. Siyavuş batinkaları götürəndən sonra dedi ki, kimin ayaqqabısı cırıqdır? O öz batinkasını bizə təklif etdi...

- Şuşanın geri qaytarıldığından necə xəbər tutdunuz? Bu xəbəri alanda hansı hissləri keçirdiniz?

- Mən açıq danışan insanam. Nə var onu deyəcəm. Şuşanın alındığı gün biz Xocavənddə Alban kilsəsində idik. Yağış yağırdı. Həmin gün yatmışdıq. Bircə gün idi ki, biz tam olaraq yatdıq. Axşam saat 7- dən, səhər saat 8- ə qədər. Yuxusuzluq o qədər idi ki, yağışın altında yatdıq. Çadırlar artıq tab göstərmirdi. Kiçik, özümüzə uyğun əlimizdən gəldiyi qədər çadırlar düzəltməyə çalışmışdıq.
Səhər tezdən əsgər yoldaşım digər postdan qaça- qaça gəldi ki, bəs xəbəriniz var, müharibə bitib. Artıq prezident İlham Əliyev bu qərarı gecə radələrində xalqa çatdırıb. Özümdən asılı olmayaraq bu əsgərə əsəbləşdim. Dedim ki, müharibə bitməyib, biz hələ Kəlbəcərə getməliyik. Çünki plan o idi ki biz oradan Kəlbəcərə getməli idik. Artıq mühəndislər avadanlıqları ilə gəlmişdilər. Şuşaya inam yox idi ki, ayaqla qalxmaq olsun. Amma Kəlbəcərə ümumiyyətlə ayaqla qalxmaq mümkün olmazdı. Çünki orada kəskin yamaclar var. Artıq pilotlar, biz də buna hazırlaşırdıq ki, Kəlbəcərin, Laçının işğaldan azad edilməsində iştirak etməliyik. Biz bilmirdik orada hansı sözləşmə olacaq, hansı qərarlar veriləcək. Laçının, Ağdamın, Xocavəndin sülh yolu ilə boşaldılacağı məlumatlarını dərindən bilmirdik.
Xocavəndin kəndləri alınmışdı. Və mən o kəndlərin alınmasında bir başa iştirak etmişəm. Ancaq Xocavəndin özü azad edilməmişdi. Çox qaranlıq məqamlar var idi. Hər cür suallar ağlımızdan keçirdi. Hər şeyi fikirləşirdik. Bura qədər gəlmişik, bu qədər irəliləmişik deyirdik. Bundan sonrasını düşünürdük. "Bu şəhidlərin qanı yerdə qalmamalıdır",- deyirdik.

- Heç bir müharibə ölümsüz bitmir. Bəs sizcə bu qədər şəhid verməyimizin səbəbi nə oldu?

Tarixdən də bildiyiniz kimi döyüş zamanı geri dönüşlər və manevrlər olur. İstər- istəməz bu baş verir. Amma Azərbaycan ordusunda geri dönüş və manevr olmadı. Bunun nəticəsidir ki, biz 3000- dən artıq şəhid verdik. Bu bizim vətənpərvərlik ruhumuzun göstəricisidir.

- Ən çox döyüşə girdiyiniz istiqamət hara idi?

- Füzuli. Çünki ora start nöqtə idi. Biz start nöqtədə çox şəhidlər verdik. Bizi ən çox qürurlandıran bu olmalıdır ki, şəhidlər verdiyimizə baxmayaraq heç kim geri addım atmırdı. Hər kəs şəhadətə qovuşmaq istəyirdi.

- Hansısa əsgərin müharibədən üz döndərdiyini görmüsünüz?

- Pis xəbər tez yayılır məsələsinə toxunmaq istəyirəm. Hansısa bir əsgərin ya fərari, ya döyüşdən geri qayıtmaq istəməsi olmayıb.
Bizim Daşqın adlı müddətdən artıq hərbi xidmətçimiz var idi. O, minomyot düşən zaman əsgərin üzərinə atladı, özü şəhid oldu. Əsgərə heç nə olmadı. Biz bunu görə- görə geri addım atmadıq. Həmin sağ qalan əsgər yoxa çıxdı. Artıq 3 günün tamamında ona fərari verilməli idi. O, 3 günün tamamında geri qayıtdı. Bölük komandirinə dedi ki, mən üzü Qarabağa doğru gedirdim. Yalan danışmırdı. Çünki o istiqamətdən də gəlirdi. "Bir müddətdən artıq hərbi qulluqçuya görə heç olmasa bir erməni öldürməliydim, getdim amma bir nöqtəyə vara bilmədim. Artıq heç nə edə bilmədim geri qayıtdım ki, ordu ilə birlikdə gedək",- dedi.
Komandir dedi ki, bəxtin gətirdi, artıq sənə fərari adını verirdim. Çünki biz bilmirdik ki, sən önə getmisən...

- Siz özünüz də tələbəsiniz. BDU- da təhsil alırsınız. BDU- nun qazilərə göstərdiyi qayğıdan, diqqətdən razısınızmı?

- Mən Neft Energetika kollecini bitirmişəm. İndi də BDU tələbəsiyəm. Mənə dərs deyən müəllimlərə dərin minnətdarlığımı bildirirəm ki, bizə milli ruhun, vətənpərvərliyin nə olduğunu aşılayıblar. Beşikdən ölənə qədər vətənpərvər olmalıyıq. Vətənpərvər təkcə oğlanlar deyil, xanımlarımız da vətənpərvərdir. Sizin mənlə müsahibə aparmağınız sizin vətənə olan bağlılığınızdır. Bunun heç bir başqa mənəvi dəyəri yoxdur. Akt zalından çıxanda mənə yaxınlaşdız düşündüm ki, sadəcə foto istəyirsiniz. Bu artıq şablondur. Ancaq müsahibə almaq istəməyiniz mənim üçün qürur oldu ki, xanımlarımız da vətənpərvərlik uğrunda gedən döyüşlərdən məlumat almaq istəyirlər.
Biz ağır yollar keçsək də, neçə çətin günlər görsək də bu çətin günlərin uğurudur ki, burada Bakı Dövlət Universitetinin böyük akt zalında təşkil olunan tədbirdə görüşdük. Hörmətli rektorumuz Elçin Babayev bizə çox böyük qayğı göstərir, sağ olsun. Mən əvvəl düşünürdüm ki, mən veteran olduğuma görə, döyüşdə iştirak etdiyimə görə təkcə bu qayğı mənə göstərilir. Xeyr, bu qayğı bütün tələbələrə göstərilir. Rektorumuz Təhsilə can yandıran, təhsillə nəfəs alan hər şəxsə öz tövsiyyələrini verir və onların yanında olur.

Müsahibimiz sonda bir daha şəhidlərə rəhmət, qazilərə şəfa arzulayaraq Zəfər günümüzü təbrik edir.

Banuçiçək Kalbalıyeva
Aytac Kərimova