Keyfiyyətli yuxunun sağlamlığa təsiri - Hansı müsbət dəyişikliklər yaradır?

Bölmə: Sosial › ,
Tarix: 16:49 11.11.2024

Alimlərin təhlilləri göstərir ki, hər gecə adi vaxtdan 46 dəqiqə artıq yatmaq psixi sağlamlıqda nəzərəçarpan müsbət dəyişikliklər yaradır.

 

Bəs keyfiyyətli yuxu fiziki və zehni sağlamlığımıza necə təsir edir?

 

 Mövzu ilə bağlı nevroloq Rəna Abbasova "informator.az" a açıqlamasında bildirib ki, keyfiyyətli yuxu zehni sağlamlığımızda olduğu kimi fiziki sağlamlığımızda da çox əhəmiyyətli rol oynayır:

 

" Normal yuxu beynimizin eləcə də bədənimizin istirahət etməsi, enerji yığması və gün ərzində həyat keyfiyyətinin yaxşılaşması üçün çox vacibdir . Bu daha çox rahatlıq, stressə qarşı dayanıqlılıq, pozitiv əhval-ruhiyyə kimi özünü göstərir. 

Normal yuxu bədənin immun sistemini gücləndirir, ürək-damar sistemini qoruyur və bədən çəkisinin tənzimlənməsinə kömək edir. Eyni zamanda qan təzyiqinin normallaşmasına, maddələr mübadiləsinə də müsbət təsir edir".

 

Nevroloqun sözlərinə görə, yuxunun iş məhsuldarlığına təsiri də əhəmiyyətlidir:

 

"Keyfiyyətli yuxu rejimi olan insanlar daha yüksək diqqət və konsentrasiya nümayiş etdirir, problem həll etmə və yaradıcılıq qabiliyyətləri artır, daha gec yorulmasına gətirib çıxarır. Gecə yaxşı istirahət edən işçilər gün ərzində daha səmərəli və diqqətli olurlar, daha az səhv edir və qərar qəbul edərkən daha uğurlu olurlar. Bu səbəbdən keyfiyyətli yuxu həm iş məhsuldarlığını, həm də ümumi rifah səviyyəsini yüksəltməyə kömək edir".

 

Sevinc Zeynalova