Şəhər və Kənd məktəblərində təhsil imkanları- Bərabər imkanlar üçün nə edilməlidir?

Bölmə: Sosial › ,
Tarix: 20:22 11.11.2024

"Ölkə üzrə şagirdlərə bərabər təhsil imkanlarının təmin edilməsi əsas hədəf olaraq qoyulsa da, şəhər və kənd təhsilində mövcud fərqlər hələ də davam etməkdədir".

 

Bu sözləri "informator.az"a açıqlamasında təhsil eksperti Elnur Hacıyev söyləyib. Ekspert şəhər və kənd yerlərində təhsil imkanları arasında mövcud olan fərqlərdən də bəhs edib:

 

"Şəhər məktəblərində müasir tədris avadanlıqları, kitabxanalar, kompüter laboratoriyaları və idman zalları mövcud olsa da, kənd məktəblərində bu imkanlar məhduddur, ya da ümumiyyətlə yoxdur. Şəhər yerlərində şagirdlər asanlıqla internetə çıxış əldə edə bilirlər, lakin kənd məktəblərində internet bağlantısı əksər hallarda zəif olur. Bu da kənddə təhsil alan şagirdlərin onlayn resurslardan faydalanmasına mane yaradır".

 

Elnur Hacıyevin sözlərinə görə, kəndlərdə ailələr bəzən təhsilin əhəmiyyətini tam dərk etmir:

 

"Xüsusən qız uşaqlarının təhsildən yayınması halları mövcuddur. Valideynlərə təhsilin əhəmiyyətini izah edən maarifləndirmə tədbirləri aparmaqla kənddə uşaqların və onların valideynlərini təhsilə təşviq etmək olar. Kənd yerlərində ixtisaslı müəllim çatışmazlığı problemləri də mövcuddur. Kənd məktəblərinə müəllimlərin cəlb edilməsini təşviq edən əmək haqqına ələvələr, həvəsləndirmə tədbirləri, yaşayış yeri üçün həyətyanı torpaq və ya xidməti evlərin verilməsi kimi stimullaşdırma proqramları tətbiq edilə bilər".

 

Fatimə Abdulrəhimli