Okeanlarda qlobal istiləşmə - Hansı fəsadlara yol açır?
Bölmə: Sosial › ,Tarix: 20:29 11.11.2024
Okeanlar sanki dünyanın nəfəsidir. Onların dərinliklərində həyat, səthində isə insanlığın gələcəyi var. Lakin qlobal istiləşmənin təsirləri okeanları zəifləmiş nəbz kimi sarsıdır. Dəniz canlıları istilik dalğaları ilə boğularkən, biz insan olaraq okeanların bu səsini dinləməli və onları qorumağın vacibliyini anlamalıyıq.
Bəs okeanlarda qlobal istiləşmənin təsirləri nələrdir?
Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli "İnformator.az"a açıqlamasında bildirib ki, dünya yarandığı gündən qlobal istiləşmə prosesi tədricən gedir:
" Bu prosesin sürətləndiyi dövr isə metalın, tuncun və dəmirin kəşfi ilə, həmçinin sənayeləşmə, atmosferdə zəhərli qaz və maddələrin artması ilə başladı.
Qlobal istiləşməyə səbəb olan proseslərdə günəş enerjisinin atmosferə daxil olub geri dönməməsi, səhralaşmanın artması və buzlaqların sahəsinin kiçilməsi kimi amillər də önəmli rol oynayır. Qrenlandiya və Antarktika buzlaqlarının əriməsi nəticəsində okeanlara istilik təsir edir, su səviyyəsi artır və nəticədə quru sahələri kiçilməyə başlayır. Mərcan adaları və mərcan polipləri də bu təsirdən ciddi ziyan görür. Dünya okeanının su temperaturunun dəyişməsi bu mərcanların yox olma prosesini sürətləndirir, bu isə onlarla qidalanan dəniz məməliləri və balıqları qida çatışmazlığı ilə üz-üzə qoyur.
Mavi karbon ekosistemlərinin zərər görməsi dəniz otları, mangrovlar və mərcan rifləri kimi mavi karbon ekosistemləri karbon udmaqda vacib rol oynayır, lakin istiləşmə və asidləşmə səbəbindən onlar ciddi təhlükə altındadır. Şimal Buzlu Okeanında istiləşmə nəticəsində quru sahəsi genişlənir, bu isə qütb tülküləri, ağ ayılar və digər canlıların həyatını təhlükə altına salır".
Ekoloqun sözlərində, dünya okeanlarında istiləşmənin yaratdığı fəsadları da qeyd edib:
"Hər gün milyonlarla ton tullantı dünya okeanına atılır. Polietilen torbalar, metallar və digər tullantılar buradakı canlılara, məməlilərə və balıqlara mənfi təsir göstərir. Bu, həm də bioaləm və biomüxtəlifliyə zərbə vurur. Dünya okeanının dərinliklərində illərlə aparılan nüvə sınaqları, partlayışlar, müharibələrin təsirləri, neft tankerlərinin qəzaları da qlobal istiləşməni artıran faktorlardandır.
Antarktidada pinqvinlərdən köçəri quşlara qədər bir çox canlı qlobal istiləşmədən əziyyət çəkir. Okeana yaxın ərazilərdə yerləşən Rusiya, Çin, Hindistan, İngiltərə və digər ölkələrin ağır sənaye və metallurgiyası suyun temperaturu və tərkibinə mənfi təsir göstərir. Əvvəllər Qrenlandiya və Antarktidadan qopan buz dağları və aysberqlər daha gec qopurdusa, indi bu proses daha sıx görülməyə başlayıb. Hazırda dünya üzrə şirin su ehtiyatları da azalmağa doğru gedir".
Zəhra Məmmədova