Universitetlərimiz bu istiqamətdə işə qoyulmalıdırlar-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:16 11.11.2024
COP29 "Yaşıl Zona"sında "İqlim dəyişmələrinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü" mövzusunda panel müzakirəsi keçirilib.
Bəs, bu istiqamətdə təhsil hansı rola malikdir?
Belə bir mübarizədə ölkəmizin təhsilinin təsir gücü nə dərəcədədir?
Mövzu ilə bağlı Təhsil eksperti Elmin Nurizadə qeyd edir ki, hazırda ekoloji şüur, yaşıl təfəkkürün inkişaf etdirilməsi istiqamətində ən aktiv sahələrdən biri də təhsildir:
"Bu, dünya ölkələrində həm orta ümumtəhsil, həm də ali təhsil pilləsində fərqli-fərqli reformasiyalarla öz əksini tapıb. Hər birinin də burada ayrıca funksiyası mövcuddur. COP-29-un" Yaşıl Zona"sında mövzu ilə bağlı məhz ali təhsil pilləsinə dayanıldığından, bunun ali təhsil istiqamətindən bəhs etmək lazımdır. Artıq Türkiyə başda olmaqla, bir sıra qonşu ölkələrdə uzun illərdən bəri bu tipli ekoloji layihələr məhz universitet şəraitində təşkil olunur. Burada Türkiyənin Boğaziçi Universiteti, Gürcüstanın Tblisi və Rusiyanın məşhur Universitetlərindən olan Moskva Dövlət Universiteti kimi bu istiqamətdə xüsusi fəaliyyət göstərən Ali Təhsil Müəssisələrinin adının çəkilməsi mümkündür. Lakin bunların hər biri sadəcə olaraq bir nümunədir. Bu gün Dünya Ali Təhsil Müəssisələri, ekologiyanın mühafizəsi və iqlim dəyişikliklərinə qarşı birgə mübarizə istiqamətində çoxlu səy göstərirlər".
Belə bir mübarizədə ölkə təhsilimizin təsir gücünə gəlincə isə ekspert əlavə edir ki, dünya universitetlərinin "Universitetlərin Ekoloji reytinqi" adlı tətbiq etdiyi siyahılarda Azərbaycan Universitetlərinin adlarına, çox təəssüf ki, az rast gəlinir:
"Lakin Universitetlərimiz artıq bu istiqamətdə işə qoyulmalıdırlar. Ən azından ona görə ki, Beynəlxalq Ekoloji reytinq siyahılarında adları tez-tez çəkilə və müsbət perspektivdə irəliləyiş əldə oluna bilsin".
Aytac Kərimova