Azərbaycanda COP29 - Təhsildə yeni perspektivliklər
Bölmə: Sosial › ,Tarix: 17:09 12.11.2024
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən böyük tədbirdir və regionda ilk dəfə baş tutur. Bu möhtəşəm tədbir iqlim dəyişikliyi, karbon emissiyalarının azaldılması, ekoloji tarazlığın qorunması və təmiz texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafı təmin etmək məqsədini daşıyır. COP29 iqlim tədqiqatçıları, dövlət rəsmiləri və ekoloji aktivistlər üçün bir platforma olmaqla yanaşı, təhsil sahəsində də əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.
Bəs COP29-un Təhsil sisteminin iqlim dəyişikliyi ilə mübarizəsində rolu nədir?
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edir ki, iqlim böhranının həllində təhsilin rolu misilsizdir:
"Azərbaycanda COP29-un təhsil sahəsində tətbiqini dəstəkləyən əsas məqamlar arasında iqlim təhsilinin tədris proqramlarında geniş yer tutması və şagirdlərin ətraf mühit haqqında daha dərindən məlumatlandırılması ilə yanaşı, yenilənəbilən enerji mənbələri, tullantıların idarə olunması, su və hava keyfiyyəti kimi mövzuların tədris edilməsidir. Təhsildə belə yanaşma gələcək nəsillərin iqlim böhranına qarşı həssas, məlumatlı və məsuliyyətli fərdlər kimi yetişdirilməsinə şərait yaradacaq.
COP29-un uğurları Azərbaycan təhsilində rəqəmsal texnologiyaların tətbiqinin artırılması üçün də təkan ola bilər. Rəqəmsal texnologiyalar vasitəsilə iqlim dəyişiklikləri və ətraf mühit problemləri barədə interaktiv və əhatəli dərslər vasitəsilə şagirdlər təkcə nəzəri bilikləri deyil, həm də virtual laboratoriyalar, interaktiv xəritələr və simulyasiyalar vasitəsilə real iqlim dəyişikliklərinin təsirlərini öyrənə bilərlər".
Ekspert bildirib ki, son illər ölkə təhsilində iqlim dəyişikliklərinə və ekoloji biliklərə diqqət artıb:
"Ümumtəhsil məktəblərdə ekologiya, ətraf mühitin qorunması, iqlim böhranı kimi məlumatlar tədris proqramlarına daxil edilib. COP29-un təsiri ilə şagirdlərin bu istiqamətdə ixtisaslaşmalarına həvəs artacaq. Tədbir, peşə təhsil müəssələrində də bu tipli ixtisasların yaranmasına təkan verəcək. Növbəti tədris ilində COP29-a görə bu yöndə olan ixtisaslara maraq çoxaldığından keçid balları da arta bilər.
Bu möhtəşəm tədbir vasitəsilə həm də xarici tələbələrin ölkəmizdə təhsil almasına müsbət təsir göstərəcək. Belə ki, tədbirə gələn xarici ölkələrin rəsmi nümayəndələri Azərbaycanla, həmçinin təhsil sahəsində əməkdaşlıq etməkdə maraqlı olacaqlar. Göründüyü kimi, iqlim məsələləri təhsil vasitəsilə geniş imkanlar yaradır, həm də elmə əlavə impulslar gətirir".
Türkanə Meşədiyeva