Azərbaycanda İT Təhsilinin Çətinlikləri və Təkmilləşdirmə Yolunda Addımlar-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 17:54 13.11.2024

"İT sahəsində müvafiq təhsil vacib olsa da, bu sahədə fəaliyyət göstərmək üçün yalnız təhsil kifayət etmir. Gənclər İT sahəsində karyera qurmaq üçün yalnız universitet təhsilini deyil, həmçinin sənayenin, əmək bazarının və texnologiyaların tələblərini araşdırmalı və özünütəhsil yoluna yönəlməlidirlər".

 

Bu sözləri "informator.az"a açıqlamasında İKT üzrə mütəxəssis Fərhad Mirəliyev söyləyib. Ekspert Azərbaycanda İT təhsilində mövcud olan çatışmazlıqlar və təkmilləşdirilməli sahələrdən də bəhs edib:

 

"İnformasiya Texnologiyaları (İT) sahəsində işləmək üçün hazırlanan kadr potensialı yalnız ümumi texnologiyalar və tendensiyalar barədə əsas biliklər əldə edə bilir. Bu sahə o qədər sürətlə inkişaf edir ki, hazırda bu sürətə cavab verə biləcək təhsil proqramı yoxdur. Bu vəziyyət, təhsil proqramlarının müasir texnologiyalara uyğun kadr hazırlamağa yönəlməsinə səbəb olur. Hazırda İT sektorunda fəaliyyət göstərən çox sayda mütəxəssisin ali təhsili İT sahəsində olmamaqla yanaşı, onlar digər sahələrdən, məsələn, iqtisadiyyat, pedaqogika və sair kimi sahələrdən təhsil almışdır. Lakin buna baxmayaraq, bu şəxslər İT sahəsində uğur əldə edir və texnologiyaları daha sürətlə mənimsəyirlər. Bu, daha çox şəxsi bacarıq və keyfiyyətlərlə əlaqəli olub, şəxsin hansı sahədə fəaliyyət göstərmək qərarına gəlməsi və həmin sahə üçün tələb olunan bilikləri əldə etməyə çalışması ilə əlaqədardır. Bu baxımdan, kurslar və özünətəhsil proqramları əhəmiyyətli bir rol oynayır. Bir çox insan, ali təhsilinin və ya peşə ixtisasının fərqli olmasına baxmayaraq, kurslar vasitəsilə İT sahəsinə yönəlir. Kurslar bu şəxslərin sahəyə daxil olmalarına və müvəffəqiyyət əldə etmələrinə kömək edir. Nəticə etibarilə, İT sahəsində müvafiq təhsilin olmaması böyük bir maneə yaratmır. Yəni başqa sahələrdən də bu sahəyə yönəlib uğur qazanıla bilər. Lakin, bəzi hallarda bu sahə üzrə təhsil vacibdir və xüsusi sahə üzrə müvafiq təhsil almaq faydalıdır. Universitet və ya kurs təhsilinin bəzən kifayət etmədiyi nəzərə alındığında, bu sahənin dinamikası, sürətlə dəyişən texnologiyalar və əmək bazarının tələbləri qarşısında davamlı öyrənmə və inkişaf önəmlidir. Çünki bəzən universitetlərdə tədris proqramları yenilənmir, nə əmək bazarının, nə də İT sənayesinin tələblərinə cavab vermir. Məsələn, 10-15 il əvvəl İT sahəsinin tələbləri əsasında hazırlanmış təhsil proqramları ola bilər. Bu məsələlərə diqqət yetirilməlidir".

 

Fərhad Mirəliyevin sözlərinə görə, qadınların İT sahəsində də fəaliyyət göstərə bilməsi üçün heç bir ayrı-seçkilik yoxdur:

 

"Qadınların iştirakı fərdi seçim məsələsidir və burada qadınların bu sahədə uğur qazana bilməyəcəyi, yaxud hər hansı naliyyətlərinin ola bilməyəcəyi kimi ayrı-seçkilik yoxdur. Əgər hər hansı bir qadın bu sahəyə maraq göstərirsə və özünü bu sahədə görürsə, mütləq eyni bilik və bacarıq səviyyəsinə gəlib bu sahənin mütəxəssisi ola bilər. Praktikada bu sahədə uğurlu qadınların olduğu görünür.  İT-də müəyyən istiqamətlər var ki, günün çox hissəsini bu sahədə fəaliyyət göstərməyi tələb edir.  Məsələn, qadınların daha çox maraqlandığı kodlaşdırma və ya proqramlaşdırma kimi vəzifələr ola bilər, çünki burada masa arxasında oturub kodlaşdırma edilir və böyük şirkətlər bu cür proqram təminatına 7/24 müdaxilə və ya dəstək tələb edir ki, qadınlar daim onlayn şəkildə vaxt ayırması bəzən həyat tərzinə, ailə vəziyyətinə və digər səbəblərə uyğun olaraq öz seçimlərindən asılı olaraq dəyişir. Bu, insandan insana dəyişə bilər, lakin məqsəd qarşıya qoyularsa, qadınların İT sahəsində də fəaliyyət göstərə bilməsi üçün heç bir ayrı-seçkilik yoxdur".

 

Fatimə Abdulrəhimli