"Təhsildə keyfiyyət amili aşağıdır”-RƏY

Bölmə: Sosial › ,
Tarix: 20:36 13.11.2024

"Əksər şagirdlərin məktəbə, təhsilə olan marağı azalıb. Bəs bunun səbəbləri nədən ibarətdir?"

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “informator.az”a açıqlamasında bildirib:

 

"Şagirdlər birinci sinifdən on birinci sinifə qədər məktəbin ixtiyarında olmalıdırlar. Məktəb şagirdlərə elm verməklə yanaşı, onları sosial həyata hazırlamağda da böyük rol oynayır. Məktəb şagirdlərə tərbiyə verir, aktivləşdirir, cəmiyyət üçün  hazırlayır. İnsan həyatında məktəbin rolu yüksəkdir. Təhsil göstəricilərinə gəldikdə isə bu gün Dövlət İmtahan Mərkəzinin imtahanını uğurla keçmək üçün orta məktəb təcrübəsi kifayət etmir. Əvvəllər nisbətən suallar daha fərqli və çətin idi. DİM (Dövlət İmtahan Mərkəzi) imtahan suallarını orta məktəb dərsliklərindən götürür. Beşinci sinifdə öyrənilən biliyi DİM-in on birinci sinifi bitirəndə soruşması mübahisəlidir. Bu da öz növbəsində abituriyentləri repetitor yanına getməyə məcbur edir".

 

 

Ekspertin sözlərinə görə, təhsildə keyfiyyət amili də problemlidir:

 

 

"Abituriyentlərin repetitor yanına getmədən imtahanlarda yüksək nəticə göstərməsi demək olar ki, mümkün deyil. Məktəb ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər üçün prioritetlər təqdim edə bilmir. Məsələn, on birinci sinifdə oxuyan uşaq üçüncü  ixtisas qrupuna hazırlaşırsa, o niyə kimya,biologiya ilə vaxt itirməlidir? Orta məktəblərdə bu hallar nəzərə alınmır. Ona görə yuxarı siniflərdə şagirdlər istər-istəməz dərsə məsuliyyətli yanaşa bilmirlər. Əgər şagird ali məktəbə hazırlaşmaq istəmirsə, ona oxumaq maraqlı gəlmirsə, belə  şagirdləri 9-cu sinfdən peşə məktəbinə yönəltməklə, peşə sahibi kimi yetişdirmək yaxşı olar".



Fatimə Məmmədova