Uşaqların inkişafında valideynlərin rolu-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:36 13.11.2024

"Uşaqların sağlam və balanslı inkişaf prosesini yaşamaları üçün valideynlərin rolu çox vacibdir. Valideynlərin uşaqları ilə daha yaxşı ünsiyyət qurması üçün nə etmələri lazımdır? Uşaqların emosional ehtiyacını valideyn necə tanıyıb qarşılamalıdır?"

 

Mövzu ilə bağlı Ailə və Uşaq psixoloqu Aynur İsmayılova "informator.az"a açıqlamasında bildirib:

 

"Hər bir halda uşaqların emosional inkişafında valideynlərin rolu çox böyükdür. Uşaqların hamısı mütləq şəkildə 3 yaşına kimi valideynlə sıx münasibətdə olmalıdırlar. Çünki 3 yaşına qədər bütün uşaqların emosiyaları, özlərini necə tanımaları, cəmiyyətdə ananın, atanın gözündə özlərini necə qiymətləndirmələri ilk başda anadan asılıdır. Demək olar ki, yemək yeməsindən birlikdə yatmağına qədər burda ananın rolu böyükdür. Eyni zamanda yaş irəlilədikcə valideynlər övladları ilə bağlı hərəkətlərinə diqqət etməlidirlər. Məsələn; telefon istifadəsi və s. Uşaqların davranışları valideynlərindən götürür və telefondan çox istifadə edən uşaqlarda diqqət əksikliyi kimi hallar müşahidə olunur".

 

Psixoloqun sözlərinə görə, valideynlər 11 yaşa qədər uşaqları ilə daha çox vaxt keçirməlidirlər:

 

"Bu vaxt keçirmə 15-20 dəqiqə və daha çox ola bilər. Onlar bu zaman yaxından təmasda olmalı və uşağın bacarıqlarını inkişaf etdirəcək yaradıcılıq işləri ilə məşğul olmalıdırlar. Bura rəsm çəkmək, əşya düzəltmək və s. aiddir. Birlikdə vaxt keçirmək uşaqların özünəinamına müsbət təsir göstərir. Və bu gələcəkdə onların daha yaradıcı insan olmasına şərait yaradır".

 

Sevinc Zeynalova