Stress- Gündəlik həyatımızın görünməz düşməni:
Bölmə: Sosial › ,Tarix: 23:17 13.11.2024
Stress müasir dünyanın ən çox yayılmış problemlərindən biridir. Həyatımızın müxtəlif sahələrində – işdə, ailədə, təhsildə və sosial münasibətlərdə stresslə qarşılaşmaq mümkündür. Bu narahatlıq bədənimizdə və ruhumuzda ciddi təsirlər yarada bilər. Stressin mənşəyi, səbəbləri, təsirləri haqqında məlumatlı olmaq və onunla mübarizə aparmaq üçün addımlar atmaq lazımdır.
Bəs, stresslə necə başa çıxmalıyıq, onu idarə etmək üçün hansı üsullardan istifadə etmək lazımdır ?
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib ki, stressi yaradan faktorlar müxtəlifdir:
"Həyat rutininin qarışıq olması, bir neçə işlə məşğul olmaq, gələcəkdən narahat olmaq və s. stress yarada bilər. Bu həm ailəyə, həm də işə yansıyır. Stressin yaranmasının səbəbini bildikdə isə onun həll yolunu tapmaq asanddır.
Stresslə bağlı əsas məsələlərdən biri insan xarakteri ilə əlaqədardır. İnsanın temperamentindən çox şey asılıdır. Ümumiyyətlə, insan stressə düşməməyə çalışmalıdır. Özünün stressə düşmə səbəblərini bilməli, və ondan qaçmağı bacarmalıdır".
Psixoloq gündəlik həyatımızda bizi stressə salan faktorlardan uzaq durmağı da tövsiyə edir:
"Stressin idarə edilməsi uzunmüddətli bir prosesdir. Təbii ki, hər kəs üçün fərqli metodlar işləyə bilər. Əsas məqsədimiz özümüzü daha yaxşı tanımaq, stresli vəziyyətlərdə daha yaxşı başa çıxmaq və həyat keyfiyyətimizi artırmaqdır. Stressin təsirlərini minimuma endirərək daha xoşbəxt və sağlam bir həyat sürmək mümkündür",-deyə o, fikirlərini yekunlaşdırıb.
Türkanə Meşədiyeva