Yerli istehsalın gücləndirilməsi idxaldan asılılığı azalda bilər-Iqtisadçı AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 18:52 14.11.2024

"Hazırda Azərbaycan dünya bazarının tərkib hissəsidir və ölkədə ixrac-idxal prosesi davamlıdır. Lakin bəzi sahələr mövcuddur ki, həmin sahələr üzrə idxal daha yüksək maliyyə tələb edir".

 

Bu sözləri "informator.az"a açıqlamasında İqtisadçı ekspert Fərhad Mirəliyev söyləyib. Ekspert Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaq üçün atılmalı addımlardan da bəhs edib:

 

"Bunun üçün kredit vasitələrinin əlçatanlığı və maliyyə resurslarının ucuzlaşdırılması vacibdir. Sadə və orta sahibkarlar bu cür kreditlərdən istifadə edərək istehsalat qurma imkanına malik olmalıdır. Hazırkı vəziyyətdə bu çətin görünür, çünki sahibkarların əksəriyyəti ticarət sektorunda fəaliyyət göstərir. Buna görə də idxaldan asılılıq mövcuddur. Yəni yerli istehsalın gücləndirilməsi və yerli istehsala yatırım  yerli sahibkarlara hazırda uyğun deyil".

 

Fərhad Mirəliyevin sözlərinə görə, ilk mərhələdə kredit məsələsinin həll edilməsi, növbəti mərhələdə isə vergi və digər güzəştlərin təmin edilməsi zəruridir:

 

"Dünya bazarında rəqabət qabiliyyətini artırmaq yalnız bəzi strateji sahələr üçün mümkündür və bu sahələr üzrə ixrac fəaliyyəti mövcuddur. Digər sahələrdə isə dünya bazarına çıxış mürəkkəb prosesdir və bu sahələrdə dövlət və iri şirkətlər vahid strategiya ilə güzəştlər tətbiq etməli, planlı addımlar atmalıdır".

 

Fatimə Abdulrəhimli