Gənclər arasında ailə qurmağa marağın azalmasının səbəbləri nədir?
Bölmə: Sosial › ,Tarix: 20:46 14.11.2024
Bu gün gənclər arasında ailə qurmaq ciddi problemə çevrilib. Gənclər evlənməkdən, ailə qurmaqdan çəkinir, qorxurlar.
Bəs gənclər ailə qurmağa niyə qorxurlar?
Mövzu ilə bağlı sosioloq Lalə Mehrall " informator.az" a açıqlamasında bildirib ki, gənclərin gec evlənməsi və ya heç evlənmək istəməməsinin bir çox səbəbləri var:
"Bəziləri bunu iş, karyera məsələlərinə görə, bəziləri isə maddi problemlərə görə təxirə salır. Bəzi adamlar isə, heç bu fikirdə olmur. Yəni ailəni lazımsız məsuliyyət hesab edir. Gənclər təhsil alır və bu təhsil aldığı vaxtda özünə kapital qoyur, öz inkişafına görə, sonra karyera imkanlarına təməl yaratmaq üçün özünə kapital qoyur və təhsil bitdikdən sonra inkişaf etmək yolunda irəliləmək istəyir. Beləcə karyerasını inşa etməyə başlayır. Bir neçə pillə qalxdıqdan sonra artıq o düşünür ki, karyera qurmaq üçün mən bu qədər əziyyət çəkmişəmsə ailə quraraq karyerama fasilə verə bilmərəm. Beləcə ailə qurmağı 2 ci plana atır və yaş keçdikcə ailə qurmaq barədə istək, həvəs, düşüncə azalır".
Sosioloqun sözlərinə görə, başqa bir qism gənclər də vardır ki, böyüklərin diqtəsi ilə özünü evlənmək məcburiyyətində hiss edir və yetməyəcəyinin fərqinə varır:
"Bizim çox gözəl adət - ənənələrimiz var, amma bunlardan çoxu insanlar tərəfindən şişirdilir. Məsələn, tanışlıq mərhələsi nişan mərhələsi, bayramlıqlar, qız toyu, oğlan toyu, toydan sonrakı mərasimlər, hamiləlikdə uşağın cinsiyyət mərasimi və s. kimi mərhələlər çox xərc tələb edən və çoxu gərəksiz hesab edilən adətlərdir. Gənclər belə adətləri görəndə fikirləşir ki, mən bu qədər şeyə yetə bilmərəm. Orta statistik bir azərbaycan gənci bu qədər xərcin altından qalxa bilməz. Hansı ki, bu adətləri ona həyat yoldaşı və ya böyüklər diqtə edir və nəticədə də gənclərin gözü qorxur və evlənmək istəmir".
Sevinc Zeynalova