Gənclər niyə iş tapmaqda çətinlik çəkir-Problem əmək bazarının tələblərindədir?

Bölmə: Sosial › ,
Tarix: 21:17 14.11.2024

"Dövr dəyişdikcə bütün bazarlar kimi əmək bazarının da tələbləri dəyişir. Qaçılmazdır ki, ildən-ilə müəyyən sahələrə tələb get-gedə azalır, bir qisminə isə tələb artır. Hətta bəzi yeni tələblər ortaya çıxır. Buna görə də gənclər ixtisas seçərkən özlərini yaxın və orta gələcəyin əmək bazarına uyğun hazırlamalıdırlar".

 

Bu sözləri "informator.az"a açıqlamasında Sosioloq Yusif Nəbiyev söyləyib. Sosioloq bildirib ki, bir çox hallarda əmək bazarının tələblərinə uyğun gəlməyən ixtisaslara yönəlmiş gənclər iş tapa bilmədiklərini bildirirlər:

 

"İş tapmaq hər zaman aktual bir məsələdir və müxtəlif aspektlərdə müzakirə mövzusu olaraq qalır. Mövzunu dəyərləndirmək üçün bəzi əsas anlayışları nəzərə almaq lazımdır ki, doğru nəticəyə daha yaxın ola bilək. “İş tapmaq” nə deməkdir? Bu, fərdin öz bilik və bacarıqlarını iqtisadi dəyərə çevirmək üçün imkan axtarması deməkdir. Əslində, burada əsas məsələ satışdır, yəni iqtisadi münasibətlərin bir parçası kimi əmək bazarında dəyərini sübut etməkdir. Əmək bazarında isə əməyə həmişə ehtiyac var. Suallar isə belədir: Mövcud əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara sahibikmi? Bizim təklif etdiyimiz peşə və bacarıqların həmin bazarda tələbi varmı? Ölkəmizdə karyera yönləndirilməsi sahəsində əhəmiyyətli boşluqlar var, məktəb və universitetlərdə gənclərə əmək bazarına hazırlıq yönündə kifayət qədər məlumat verilmir. Bu səbəbdən, gənclər çox vaxt faydasız istiqamətlərə yönəlir, vaxt, enerji və maddi resurs itirirlər, nəticəsi də təəssüf ki, müsbət olmur".

 

Yusif Nəbiyevin sözlərinə görə, əmək bazarı hələ də canlıdır və hələ də yaxşı kadrlara ehtiyac var:

 

"Şikayətlər olsa da, bunların böyük hissəsi subyektiv səbəblərə dayanır – yanlış ixtisas seçimi və ya əmək bazarında tələb görməyən sahəyə gedilməsi, ya da əmək bazarında tələb olsa belə, öz imkanlarının o sahənin tələblərinə cavab verə bilmədiyi bir ixtisas seçilməsi. Bəzi obyektiv səbəblər də var. Əvvəla təhsil get-gedə qloballaşan xarakter alıb. Artıq bir çox gənc xaricdə yüksək səviyyəli universitetlərdə təhsil alır. Bu gün bir Azərbaycan gənci işə müraciət edərkən, onun rəqibləri sadəcə BDU-dan, ADNSU-dan və ya ADA-dan məzun olmuş şəxslər olmurlar. Onlar artıq Avropanın, Amerikanın, Yaponiyanın universitetlərindən məzun olmuş gənclərimizlə yarışırlar. Bəzən təcrübə faktoru gənclərin işə qəbul almaqda qarşılarını kəsir. Lakin bunun da çarəsi var. Bir çox şirkət təcrübəçi maaşı ilə, bəzən isə qeyri-rəsmi formada ödənişsiz şəkildə təcrübəçilər qəbul edirlər. Lakin bir çox gənc buna adətən isti baxmır. Bunu boşa çəkilmiş əziyyət və ya istismar kimi görürlər. Gənclərə ən önəmli tövsiyə nə qədər gec deyil, əmək bazarını dərin analiz etməyə çalışıb özlərini, öz gələcəklərini o əmək bazarının sabahına uyğunlaşdırmağa, paralelləşdirməyə çalışsınlar".

 

Nuray Qurbanlı