Gənclərin peşə seçimində valideyn müdaxiləsi - Bu nə qədər düzgündür?

Bölmə: Sosial › ,
Tarix: 19:40 15.11.2024

Gənclərin gələcək həyatında uğur qazanmaları üçün düzgün peşə seçimi mühüm əhəmiyyət daşıyır. Lakin, bəzən bu seçim prosesinə valideynlərin müdaxiləsi ciddi təsir göstərir. Bəzi valideynlər övladlarının maraq və istedadlarını nəzərə almadan, öz istəklərinə uyğun istiqamət seçməyə çalışırlar. 

 

Bəs bu nə dərəcədə düzgündür?

 

Məsələ ilə bağlı psixoloq Aygün Cəfərova "İnformator.az"a açıqlamasında bildirib ki, bu cür müdaxilələr gənclərin öz kimliyini tapmasına mane olur:

 

"Həddindən artıq müdaxilə olunması, yönləndirilməsi gənclərin özlərini reallaşdırmasının qarşısını alır. Gənclər peşə seçimi edərkən, özlərini cəmiyyətdə kim olaraq görmək istədiklərini, kim olaraq fayda verə biləcəklərini analiz edərək bir növ öz kimliklərini tapmağa çalışırlar. Amma müdaxilələr buna icazə vermir".

 

Psixoloq sözlərində, valideyn təzyiqlərinin gənclərin gələcək həyatına ciddi təsirini də qeyd edib:

 

"Valideynin müdaxiləsi ilə həmin gənc hansı peşəni seçməyindən asılı olmayaraq nə işində uğurlu bir peşəkar, nə də xoşbəxt insan ola biləcək. Niyə? Çünki, bu zaman o, öz seçimlərinə qarşı inamsız olacaq. Həyatında tez-tez boşluqlarla rastlaşacaq və həyatından zövq ala bilməyəcək. Belə demək olar ki, valideynlər həmin gəncin həyatını böyük bir hissəsini zərbə altında qoymuş olurlar. Çünki, insan seçdiyi peşə ilə öz kimliyini tapır. Yanlış və ya düzgün bu onun seçimi olur.

Təbii ki, gedişatda "Mən bunu səhv etdim" və ya "Mən bunu düzgün etdim" deyə fikirləşə bilərlər. Onların həyatlarında bu cür qərarları özlərinin verməyi artıq sağlam bir şəxsiyyətin göstəricisidir. Əlbəttə ki, bu cür müdaxilələr gənclərin şəxsi, peşə və sosial həyatlarında mənfi izlər buraxır. Nə ətraf, nə də özləri üçün faydalı ola bilirlər".

 

Nuray Qurbanlı