Uşaqlıq travmalarının qarşısını necə almaq olar?-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:09 16.11.2024

"Psixoloji travmaların yaranmasında valideynlərin birbaşa günahkar olduğunu iddia etmək tamamilə doğru olmasa da, uşaqlıq dövründə formalaşan travmaların qarşısının alınması üçün əsas məsuliyyət valideynlərin üzərinə düşür".

 

Bu sözləri "informator.az"a açıqlamasında Psixoloq Aygün Ağabalayeva söyləyib. Psixoloq uşaq vaxtı alınan travmaların yetkin yaşdakı təsirlərini azaldıla bilməsindən də bəhs edib:

 

"Ümumiyyətlə hər bir insanın uşaqlıq illərində keçirdiyi psixoloji travmalar gələcəkdə onun şəxsiyyət kimi formalaşmasına birbaşa təsir göstərir. Bu travmalara ailə-daxili münaqişələr, cinsi və fiziki istismar, itkilər, qəzalar, müharibələr və təbii fəlakətlər daxildir. Qeyd edilən bütün travmalar gələcəkdə şəxsin həyat tərzinə, düşüncələrinə, şəxsiyyət kimi formalaşmasına təsir göstərir. Psixoloji travmalar nəticəsində fərdlərdə qeyri-adi davranış nümunələri və ya zərərli vərdişlərə meyl yarana bilər. Bir çox valideynlər övladlarının fiziki travma almasının qarşısını almaq üçün şiddət tətbiq etmədiklərini bəyan etsələr də, uşaqlıq dövründə travmalar yalnız fiziki zorakılıqla məhdudlaşmır. Emosional və psixoloji zorakılıq, o cümlədən təhqiredici sözlər və ya emosional təzyiqlər də uşağın psixikasına mənfi təsir göstərir. Psixoloji travmalar ən qısa zamanda aşkarlanıb müdaxilə edilməlidir. Və bu müdaxilə travmanın xarakterindən asılı olaraq dəyişir".

 

Aygün Ağabalayevanın sözlərinə görə, valideyn-övlad münasibətlərində valideynlər övladlarında hisslərini ifadə etmək üçün mütləq imkan yaratmalı, övladlarına yaxın olub onların daxilində olan narahatçılığı, gərginliyi vaxtında aşkarlayıb onlara doğru istiqamətdə kömək etməlidirlər:

 

"Ümumiyyətlə, ailə-daxili münasibətlərdə, valideyn-övlad münasibətlərində valideynlər övladları üçün ən yaxşısını arzulayır, ən yaxşısını etməyə çalışırlar, amma unutmaq olmaz ki, hər bir valideyn övladının təhsilinə, yeməyinə, paltarına, ac qalmamasına fikir verdiyi kimi bununla yanaşı, onların emosional və psixoloji sağlamlığına da diqqət yetirməli, övladlarında özünəinam yaratmalıdırlar. Bəzi hallarda valideynlər övladları üçün ən yaxşısını etməyə çalışsalar da, yanlış yanaşmalar ucbatından uşaqlarda yeni travmaların yaranmasına səbəb ola bilərlər. Buna görə də valideynlər diqqətli olmalıdırlar. Onlar heç vaxt övladlarından mənəvi dəstəklərini əsirgəməməlidirlər.  Və təbii ki, bu vəziyyətdən çıxmağın yollarını düşünməlidirlər.  Bu yolu tapmayanda, bilmədiklərində və ya istədikləri effekti verə bilməyəcəklərini gördükdə bu sahənin mütəxəssislərinə müraciət edə bilərlər".

 

Fatimə Abdulrəhimli