Qarakənd faciəsindən 33 il ötür

Bölmə: Hadisə › ,
Tarix: 15:49 20.11.2024

1991-ci ilin noyabrında baş verən Qarakənd faciəsindən 33 il ötür. Qarakənd faciəsi və ya 20 noyabr faciəsi - Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisindən erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsidir. Faciədə Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Məmmədov, jurnalist Osman Mirzəyev və Alı Mustafayev ilə birlikdə 22 nəfər həlak olub.

 

Tarixi faciə ilə bağlı Rizvan Hüseynov ‘’informator.az’’a verdiyi açıqlamasında bildirib ki, Qarakənddə baş verən faciə Azərbaycan üçün ağır nəticələnib. Həmin dövrdə biz müstəqilliyimizə yeni qovuşan xalq idik:

 

‘’Bu dövrdə Azərbaycan üçün əhəmiyyətli şəxslərin həlak olması daxili siyasətdə yaxşı nəticələnmədi. Helikopterdə olan dövlət məmurları, jurnalistlərin əsas amalı Qarabağ münaqişəsini dayandırmaq, cücərən genişmiqyaslı müharibənin qarşısını almaq idi. Ona görə də mənfur erməni terrorçuları və ya sifarişlə bunu edənlərin məqsədləri sülhün qarşısını almaq idi’’.

 

Rizvan Hüseynov qeyd edib ki, bu faciədən sonra bütün xalqımız üçün çox çətin dövr başladı. 1991-ci ilin noyabrından 1992-ci ilin fevral-mart ayında qədər çox ağır dönəm oldu:

 

‘’Həmin dönəmdə Azərbaycana qarşı açıq müharibə başladı. Xocalı faciəsi, Qaradağlı faciəsi oldu, torpaqlarımızın işğalının əsası qoyuldu. Bu ağır durumun əsas səbəblərindən biri Qarakənd faciəsi və onun nəticələri idi. Ona görə də, biz indiyə kimi bu faciəni unutmamalıyıq və anlamalıyıq ki, dövlətimizin ziyalıları, öndə gedən məmurları olmasa, istənilən ölkə çətin duruma düşür. O dövrdə də Azərbaycanı bu çətinlikdən ümumilli lider Heydər Əliyev çıxardı. Biz hər zaman yeni tariximizi araşdırmalıyıq və nəticələr çıxarmalıyıq ki, bizim gücümüz ancaq birliyimizdədir’’.

 

Sevinc Yarməmmədova