Rusiya NATO-nun xərclərinə reaksiya verir

Tarix: 22:04 30.06.2025
NATO-nun Haaqa sammitində qəbul edilən qərarlara əsasən, 2035-ci ilə qədər üzv ölkələr müdafiə xərclərini ümumi daxili məhsulun 5 faizinə çatdırmağı planlaşdırır. Bu qərar Rusiyanın kəskin reaksiyasına səbəb olub.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirlərinin toplantısından sonra çıxış edərək bildirib ki, Qərb xəyali təhdidlərə milyardlarla dollar ayırmaqla NATO-nu daxildən çökdürür.
Polşa Xarici İşlər nazirinin “Rusiyanın hərbi güclənməsi ölkənin dağılmasına səbəb olacaq” bəyanatına cavab olaraq Lavrov deyib:
“Əgər bu qədər ağıllıdırsa, NATO-nun müdafiə xərclərinin də təşkilatın sonunu yaxınlaşdırdığını başa düşməlidir”.
Nazir həmçinin bildirib ki, Rusiya əksinə, hərbi büdcəsini azaltmağa hazırlaşır. Onun sözlərinə görə, Prezident Putinin müəyyən etdiyi strategiyaya əsasən, Rusiya hərbi siyasətini məntiq və sağlam düşüncə ilə quracaq.
Baxmayaraq ki, Moskva son aylarda hərbi texnologiyalara sərmayə qoymaqda davam edir, Lavrovun açıqlamaları göstərir ki, Rusiya ilə Qərb arasında hərbi büdcə yarışı artıq yeni mərhələyə keçib.
Tərəflər arasında gərginlik yalnız cəbhədə deyil, diplomatik və iqtisadi sahələrdə də artır.
Mənbə: CNN Türk
Türkan Kərimli