İsraillə qarşıdurma ilə bağlı Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib

Tarix: 22:01 30.06.2025
İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyi İranda yüksək qiymətləndirilib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edən İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçili bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan İran-İsrail müharibəsi ilə bağlı prinsipal mövqeyini açıq şəkildə ifadə edib və bunu bütün beynəlxalq platformalarda təşviq edib, müdafiə edib:
"Yaxın və Orta Şərqdəki münaqişələrlə bağlı Azərbaycanın mövqeyi prinsipial və konkret olub. Bu mövqe həm beynəlxalq hüquqa, həm də bölgədə təhlükəsizlik və sülhə uyğundur. Azərbaycan Fələstin, Qəzza və İran-İsrail münaqişələrinin yalnız danışıqlar yolu ilə həllini dəstəkləyir və İran-İsrail hərbi münaqişəsinin davam etməsinin bölgədə təhlükə yaratdığını bildirir. Azərbaycan İran-İsrail müharibəsi ilə bağlı prinsipal mövqeyini açıq şəkildə ifadə edib və bunu bütün beynəlxalq platformalarda təşviq edib, müdafiə edib. İran səfirinin Azərbaycanın mövqeyindən məmnun qalması bu düzgün və dəyərli mövqeyin tanınmasıdır. İranın bu yanaşması təsadüfi deyil. Lakin qeyd etmək lazımdır ki, biz İrandan həmişə Azərbaycanın siyasətinə tam ehtiyatla yanaşma görmürük. Bəzən İran rəhbərliyi müəyyən ambisiyalar və ya yanlış təsəvvürlər əsasında Azərbaycanın mövqeyinə tam uyğun olmayan münasibət göstərir. Ancaq bu dəfə İran səfirinin nümayiş etdirdiyi mövqe ehtiyatlı və normal sayılır. Bunun səbəbi isə odur ki, İran İsraillə müharibənin davam etdiyi dövrdə Azərbaycan mövqeyini açıq şəkildə nümayiş etdirib və İran anladı ki, Azərbaycan ikili siyasət yürütmür. Demək olmaz ki, İsrail Azərbaycanın imkanlarından İrana qarşı istifadə etməyə çalışıb. Azərbaycan qonşu dövlətlərin, o cümlədən İranın mövqeyinə prinsipal yanaşır və pərdənin arxasında İsrail və İran üçün ayrı-ayrı siyasətlər yürütmür. Dünya və İran da gördü ki, Azərbaycanın həm İrana, həm də İsrailə münasibəti tam şəffaf və prinsipialdır. İran səfirinin açıqlaması yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməsi bir qədər şişirdilmişdir. İran-Azərbaycan münasibətlərində yeni mərhələ onsuz da əvvəllər başlayıb, çünki İran Azərbaycanın maraqlarına və tələblərinə daha hörmətlə yanaşaraq siyasətində müəyyən dəyişikliklər edib. Buna görə də səfirin açıqlaması yeni mərhələnin başlanğıcı yox, artıq başlayan mərhələnin davamı və möhkəmlənməsi kimi qəbul edilməlidir".
Səmayə Səftərova