İrana qarşı sanksiyaları ləğv edə bilərəm-Tramp

Bölmə: Siyasət › ,
Tarix: 21:55 30.06.2025

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran sülhpərvər siyasət yürüdəcəyi və ABŞ-yə təhlükə yaratmayacağı təqdirdə, ona qarşı tətbiq edilən sanksiyalar ləğv oluna bilər.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları yaxın vaxtlarda İrana qarşı sanksiyaları ləğv etməyəcək:

 

"İran və onu idarə edən molla rejimi hələ də aqressiv ritorikadan əl çəkmir, ABŞ və digər aparıcı dövlətləri hədəf almağa davam edir. İsrailə qarşı düşmən münasibəti qorunur və hədə tonu dəyişmir. Belə şəraitdə sanksiyaların aradan qaldırılması real görünmür. Əgər sanksiyalar ləğv olunsa, bu, iki dövlət arasında münasibətlərin normallaşması üçün müəyyən imkanlar aça bilər. Lakin bunun üçün İran konkret və ciddi addımlar atmalıdır. Onun fikrincə, İran bu addımları atmağa hazır görünmür və hazırkı siyasəti ilə normal dövlətə çevrilə bilməz".


Şərhçi bildirib ki, İranın daxili idarəçilik sistemi müasir tələblərə cavab vermir, qonşularla münasibətdə düşmənçilik mövqeyi saxlanılır:

 

"Belə olan halda, ikitərəfli münasibətlərin normallaşmasından danışmaq hələ tezdir. İran əvvəlcə öz daxilində islahatlara başlamalı, xalqlara azadlıq verməli və regional sabitliyə töhfə verməlidir. Yalnız bundan sonra sanksiyaların ləğvi və danışıqlara başlamaq barədə danışmaq mümkündür. İran və sülhpərvərlik anlayışları bir-birinə ziddir. Fars molla rejimi təcavüzkar siyasət yürüdür, fars olmayan millətləri ikinci dərəcəli hesab edir və fars şovinizmini dövlət siyasətinə çevirib. Formal olaraq özünü İslam Respublikası adlandırsa da, faktiki olaraq məzhəbçi və millətçi bir sistemlə idarə olunur. Belə rejimin sülhdən danışmağa haqqı yoxdur".

 

Ayşən Səlimova