Son vaxtlar 5-15 yaş arası uşaqlar arasında Koksaki virusu geniş yayılıb

Bölmə: Sosial › ,
Tarix: 21:28 21.11.2024

Əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus, qrip kimi xəstəliklərlə oxşar simptomlarla müşahidə olunduğundan, valideyinlər arasında çaşqınlıq yarada bilir.

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında həkim pediatr Aytən Ziyadova bildirib ki, bu virus əsasən "Əl, Ayaq və Ağız Xəstəliyi" kimi tanınır:

 

"Yüksək hərarət, ağız boşluğunda yaralar səbəbindən boğaz ağrısı ,dodaqların iç tərəfində, dil və damaqda ağrılı suluqlar, əl və ayaqlarda səpgilər, ovuc və ayaq altlarında kiçik, qırmızı səpgilər və ya suluqlar, iştahsızlıq, halsızlıq və bəzən qusma və ishal halları ilə özünü göstərir".

 

Həkim virusun yayılma yollarından da bəhs edib:

 

" Birbaşa təmas- Yoluxmuş şəxslərin tüpürcəyi, burun ifrazatı və ya nəcisi ilə təmas nəticəsində, çirklənmiş əşyalar, oyuncaqlar, dəsmallar və ya qapı tutacaqları kimi əşyalar vasitəsilə keçə bilər.

Hava-damcı yolu- Asqırma və ya öskürmə zamanı havaya yayılan damcılar vasitəsilə xəstəlik daha asanlıqla yayıla bilər".

 

Pediatr sözlərində xəstəlikdən qorunmağı yollarına da toxunub:

 

"Əl gigiyenasına diqqət etməli, uşaqlara əllərini sabun və su ilə tez-tez və düzgün yumağı öyrətməliyik.

Şəxsi əşyalar- dəsmal, qab-qacaq və oyuncaqların paylaşılmasından çəkinməlidirlər.

Məktəb və bağçalarda gigiyena qaydalarına riayət etməli, təhsil müəssisələrində mütəmadi təmizlik və dezinfeksiya işləri aparılmalıdır. Yoluxmuş uşaqlar tam sağalana qədər məktəb və ya bağçaya göndərilməməlidir.

Düzgün qidalanma, kifayət qədər yuxu və fiziki aktivliklə uşaqların immun sistemini gücləndirilməlidir. 

Bu tədbirlər Koksaki virusunun yayılmasının qarşısını almağa və uşaqların sağlamlığını qorumağa kömək edəcəkdir".

 

Mehriban Nəsibova