Prezident Ərdoğan: Biz bu BMT ilə davam edə bilmərik

Bölmə: Dünya › ,
Tarix: 20:08 29.11.2024

Prezident Rəcəb Tayyib Ərdoğan TRT World Forumunda çıxışı zamanı BMT-nin mövcud quruluşunu tənqid edib. O, "Bu sistemlə davam edə bilmərik. Dünya İkinci Dünya Müharibəsi dövründəki kimi idarə oluna bilməz. Beş daimi üzvün qərarları ilə 194 ölkənin taleyi həll edilə bilməz"-, deyib.

Ərdoğan, Qəzzadakı vəziyyətdən danışaraq, baş verən vəhşiliklərə ilk gündən etiraz etdiklərini bildirib. O, sülh içində yaşamaq mümkün olduğu halda, müharibələrin niyə davam etdiyini sorğulayıb.

"Holokost kimi faciələrdən dərs almalıyıq," deyən prezident, bəşəriyyətin böyük bir dönüş nöqtəsində olduğunu və mövcud dünya nizamının humanitar böhranlar səbəbindən sarsıldığını vurğulayıb.

O, problemlərin qarşılıqlı hörmət və dialoqla həllinə yaxınlaşmağın mümkün olduğunu qeyd edib və yeni, effektiv həll yollarına ehtiyac olduğunu bildirib. "Dünya dəyişir və bu dəyişiklik böyük islahatlar tələb edir," deyə o əlavə edib.

Mənbə: Habertürk
Elnurə Kərimova