Milli geyimlərə maraq niyə azalır? -Sosialoqdan ŞƏRH
Bölmə: Sosial › ,Tarix: 10:47 10.12.2024
Azərbaycan cəmiyyətində son illərdə ənənə və müasir həyat tərzinin uyğunlaşdırılması məsələsi daha çox müzakirə olunur.
Müsahibimiz sosioloq Lalə Mehralı "informator.az" saytına açıqlamasında bildirib ki, buna səbəb digər ölkələrlə inteqrasiyanın artmasıdır:
"Bu, əslində bir az da həmin ölkənin digər ölkələrə, dünya ölkələrinə, ümumilikdə dünya birliyinə inteqrasiyası ilə bağlı vəziyyətdir. Çünki daha çox inteqrasiya edən ölkələr, həmçinin daha çox dəyişikliklərə məruz qalır. Yəni belə cəmiyyətlərdə dəyişikliklər nisbətən çox olur: geyim, adət-ənənələr, danışıq, davranış, başqalarına münasibət və s. sahələrdə böyük dəyişikliklər baş verir ".
Sosioloqun sözlərinə görə, Yaponiya, Hindistan, Pakistan və Ərəbistan kimi ölkələrdə inteqrasiya minimum səviyyədədir:
" Məncə, bu daha yaxşı vəziyyətdir. Çünki ölkənin milliliyi, onun adətlərində, ənənələrində, davranışında və geyimində özünü göstərir. Əgər bu xüsusiyyətlər daha çox dəyişikliyə məruz qalarsa, o zaman ölkənin ənənələri zamanla yeni ənənələrlə əvəz olunur, yəni köklü adət və ənənələrdən yox olur.
Azərbaycanın Novruz bayramı kimi qədim ənənələri isə zamanla dəyişməz olaraq qalır.
Hər il bu bayram milli tariximizə sadiq qalaraq, heç bir dəyişiklik olmadan qeyd edilir. Bu da ölkəmizin mədəniyyətinin və adətlərinin qorunmasını təmin edir".
Sosioloq milli geyimlər, xüsusən də uzun, bol ətəkləri gündəlik həyatda rahatlıq təmin etmədiyini bildirib:
"Bu səbəbdən, daha müasir geyim modellərinə tələbat artır. Şalvar və digər rahat geyimlər, gündəlik həyatın tələblərinə uyğun olaraq, daha populyar olur. Milli geyimlər isə, ümumiyyətlə, yalnız xüsusi tədbirlərdə və bayramlarda daha çox istifadə olunur.
Geyimlərin, istər milli, istərsə də qeyri-milli olmasının əsas məqsədi, insanların rahatlığını təmin etmək və başqalarına narahatlıq verməməkdir. Bu günlərdə insanlar daha çox rahat və praktik geyimləri seçir, çünki gündəlik həyatda rahatlıq və funksionallıq ön planda durur".
Çinarə Tarverdiyeva