Jose Mourinyo haqqında bomba iddia! Təklif gəldi, sərbəst qalma maddəsi açıqlanıb..

Bölmə: İdman › ,
Tarix: 20:54 12.12.2024

Fənərbaxçanın baş məşqçisi Jose Mourinyoya İngiltərə Premyer Liqası komandasının maraq göstərdiyi iddia olunub.

 

Ada təmsilçisinin, portuqaliyalı məşqçi üçün sərbəst qalma maddəsini ödəməyə hazır olduğu vurğulanıb. Mövsümün əvvəlində Fənərbaxça ilə müqavilə imzalayan Jose Mourinyoya İngiltərədən təklif gəldiyi bildirilib. İngilis komandasının portuqaliyalı məşqçini heyətinə qatmaq istədiyi qeyd olunub.

 

Premyer Liqa komandası Wolverhampton, baş məşqçi Gary O’Neal ilə yollarını ayırmağı planlaşdırır. Wolverhampton-ın Gary O’Neal-ın yerinə Jose Mourinyonu gətirmək istədiyi vurğulanıb. Bu addımla həm komandanı aşağı sıralardan çıxarmağı, həm də mediada səs-küy yaratmağı hədəflədikləri qeyd edilib.

 

Xəbərdə, Jose Mourinyonun Fənərbaxça ilə olan müqaviləsində 5 milyon avro məbləğində sərbəst qalma maddəsinin olduğu bildirilib. Wolverhampton-ın bu maddədən istifadə edərək transferi reallaşdırmağı planlaşdırdığı qeyd olunub.

 

Bununla yanaşı, Jose Mourinyonun Fənərbaxçadan ayrılmasının aşağı ehtimal olduğu və çempionluq uğrunda mübarizə aparan sarı-lacivərdlilərin portuqaliyalı məşqçini göndərmək istəmədiyi vurğulanıb.

 

61 yaşlı baş məşqçi bu mövsüm Fənərbaxçanın başında 24 oyuna çıxıb. Jose Mourinyonun rəhbərliyi ilə sarı-lacivərdlilər bu oyunlardan 14 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə ayrılıb.

 

Jose Mourinyo məşqçilik karyerasına Benfika ilə başlayıb və daha sonra Leiria, Porto, Çelsi, İnter, Real Madrid, Mançester Yunayted, Tottenhem və Roma komandalarını çalışdırıb.

 

Mənbə: Milliyət

Fatimə Abdulrəhimli