Cənubi Koreyada təyyarə qəzasına quşların toqquşması səbəb olub?
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202412/1646498_2.jpg)
Tarix: 23:17 29.12.2024
Bazar günü səhər Cənubi Koreyada təyyarə eniş edərkən baş verən qəzada 170-dən çox insan həlak olub.
Jeju Air aviaşirkətinə məxsus təyyarə Muan Beynəlxalq Hava Limanında eniş zamanı uçuş-enmə zolağından çıxaraq divara çırpılıb.
Taylandın Bangkok şəhərindən qayıdan təyyarədə 181 nəfər olub. Onlardan 179 nəfəri həlak olub, iki ekipaj üzvü isə dağıntılardan xilas edilib.
Hakimiyyət orqanları qəzaya səbəb olan amilləri araşdırır. Yanğınsöndürmə rəsmiləri hadisənin quşların toqquşması və pis hava şəraiti səbəbindən baş vermiş ola biləcəyini bildirib. Lakin ekspertlər qəzanın bir neçə faktorun nəticəsi ola biləcəyini vurğulayıb.
7C2216 nömrəli uçuş Jeju Air aviaşirkətinin Boeing 737-800 tipli təyyarəsi ilə həyata keçirilib. Jeju Air Koreyanın ən populyar büdcə aviaşirkətidir.
Təyyarə yerli vaxtla saat 09:00-da (GMT 00:00) Muana çatıb.
Cənubi Koreya nəqliyyat rəsmisi bildirib ki, təyyarə eniş etməyə çalışırdı, lakin hava nəqliyyatı idarəsi quşların toqquşması riski barədə xəbərdarlıq etdiyi üçün gözləməli olub.
Təxminən iki dəqiqə sonra pilot "Mayday" siqnalı verib və hava nəqliyyatı idarəsi əks istiqamətdən eniş üçün icazə verib.
Bir videoda təyyarənin eniş zamanı təkərsiz və ya başqa eniş avadanlığı olmadan yerə toxunduğu görünür. Təyyarə uçuş-enmə zolağı boyunca sürüşüb, divara çırpılıb və alovlanıb.
Yonhap xəbər agentliyinə danışan şahid “güclü bir partlayış səsi” və ardınca "bir neçə partlayış" eşitdiyini bildirib.
Hadisə yerindən yayımlanan videolarda təyyarənin tüstü içində alovlandığı görünür. Yanğınsöndürmə briqadaları artıq yanğını söndürüb.
Mənbə: BBC News
Nuray Qurbanlı