Azərbaycanda kənd təsərrüfatı istehsalını artırmaq üçün tədbirlər
Bölmə: İqtisadiyyat › ,Tarix: 18:12 06.02.2025
Kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün yerli istehsalı artırmaq vacibdir və bu da daha keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalını təmin etməklə mümkün ola bilər.
Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "informator.az" saytına açıqlamasında bildirib ki, hazırda Azərbaycanda kənd təsərrüfatı yerli tələbatın cəmi 40-50 %-ni təmin edə bilir:
"Yalnız kartof, soğan və bəzi digər tərəvəz məhsulları ilə bağlı yerli tələbat ödənilir. Digər kənd təsərrüfatı məhsulları üzrə isə tələbatın qarşılanmasında ciddi çətinliklər yaşanır. Bu vəziyyəti düzəltmək və ixracı artırmaq üçün ilk növbədə ölkə daxilində kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirmək lazımdır. Bunun üçün isə müəyyən tədbirlər görülməlidir.
Su təminatının yaxşılaşdırılması:
Kənd təsərrüfatı üçün su təminatı çox vacibdir. Suvarma sistemlərinin müasirləşdirilməsi və daha səmərəli su istifadə texnologiyalarının tətbiqi məhsuldarlığı artırmağa kömək edəcək.
Torpaqların müasirləşdirilməsi:
Torpaqların keyfiyyətini artırmaq və onlardan maksimum yararlanmaq üçün aqrotexniki qaydalara əməl edilməli, torpaq işlərinin müasir üsullarla həyata keçirilməsi təmin edilməlidir.
Məhsuldar toxum sortlarının yetişdirilməsi:
Yerli məhsuldar toxumların yaradılması və çoxaldılması mühüm əhəmiyyət kəsb edir. Keyfiyyətli toxumlar, məhsulun verimliliyini artırır və kənd təsərrüfatının inkişafını dəstəkləyir.
Kəndlilərə dəstəyin artırılması:
Hazırda kənd təsərrüfatı sahəsində subsidiyalar verilsə də, bu dəstək səmərəli şəkildə həyata keçirilmir. Bu subsidiyaların daha düzgün və məqsədyönlü şəkildə verilməsi təmin olunmalı, fermerlərə dəstək verilən qaydalar təkmilləşdirilməlidir. Hazırda subsidiyaların çoxu, daha çox kənd təsərrüfatı vasitələri təmin edən şirkətlərə yönəlir, bu da yerli fermerlərin inkişafını çətinləşdirir.
Məşğulluğun artırılması:
Kənd təsərrüfatının inkişafı, ölkə daxilində məşğulluğun artırılması baxımından da mühümdür. Çünki Azərbaycan əhalisinin 60-70 %-i kənd təsərrüfatı vərdişlərinə malikdir və ölkə ərazisinin 80%-i kənd təsərrüfatı üçün əlverişlidir. Kənd təsərrüfatının inkişafı həm də iqtisadiyyatın digər sahələrinin inkişafına müsbət təsir edəcək və əhalinin rifahını yüksəldəcək".
Ekspert sözlərini belə yekunlaşdırıb:
"Bütün bu tədbirlər həyata keçirildikdə, ölkə daxilində kənd təsərrüfatı məhsullarının istehsalı artırılacaq, ixrac imkanları genişlənəcək və kənd təsərrüfatı sahəsinin inkişafı ilə yanaşı, ölkə iqtisadiyyatı da güclənəcək" .
Çinarə Tarverdiyeva