Qəzzada Üç Mərhələli Atəşkəs-Tarixi Razılaşma Ərəfəsində

Bölmə: Dünya › ,
Tarix: 15:58 15.01.2025

Qəzzada müharibənin başlamasından 15 ay sonra, üç mərhələli atəşkəs haqqında Həmas və İsrail razılığa çox yaxın görünür. Qətərdə davam edən danışıqlarda tərəflər ilk dəfə eyni otaqda olmasalar da, eyni binada yer alıblar.

 

BBC-nin Qəzza müxbiri Rüşdi Abualoufa məlumat verən fələstinli tərəf, əsas məsələlərin həll edildiyini və texniki detallara son formasının verildiyini bildirib. Vasitəçilik edən Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid Əl-Ənsari son vəziyyəti mətbuat konfransında açıqlayıb. “Atəşkəs razılaşmasına heç vaxt olmadığı qədər yaxınıq”, – deyən sözçü Əl-Ənsari bu gün razılaşmanın olub-olmayacağını deyə bilməyəcəyini də vurğulayıb. Qətər razılaşma layihəsinin hər iki tərəfin qarşısında olduğunu bildirir. Qətər hökuməti eyni zamanda Donald Tramp və Co Bayden administrasiyalarının razılığa nail olmaq üçün birgə çalışdıqlarını da qeyd edir. Sözçü Əl-Ənsari əldə olunan nəticəni belə təsvir edir:

 

“Ən kiçik detal belə bütün prosesi poza bilər. Problem yarada biləcək məqamlar həll edilir. Amma bu, razılaşmanın tam hazır olduğu anlamına gəlmir. Keçmişdə olduğu kimi, yenə də detallarda itə bilərik”.

 

ABŞ-ın Dövlət katibi Entoni Blinken də Atlantik Şurası adlı beyin mərkəzində çıxışı zamanı Həmasın mövqeyi ilə bağlı verilən suala “Razılaşmanın astanasındayıq, əvvəllər heç olmadığı qədər yaxın, amma Həmasın son sözünü gözləyirlər” deyib. BBC-nin ABŞ-dakı müxbiri Tom Beytman Trampın 20 yanvarda keçiriləcək andiçmə mərasiminin razılaşma üçün tərəflər üzərində vaxt təzyiqi yaratdığını bildirir. Beytmana görə, hər iki tərəf bu tarixdən sonra mövcud şərtlər üzərində ABŞ zəmanətinin daha az dəqiq olacağını nəzərə alaraq qərar qəbul edəcək.

 

Razılaşmanın şərtləri və mərhələləri nələrdir?

 

BBC-yə məlumat verən fələstinli mənbələrə görə, mümkün razılaşmanın ilk günündə üç girovun azad edilməsi ilə bağlı tərəflər razılaşıb. Bu addımdan sonra İsrail qüvvələri fələstinli əhalinin sıx yaşadığı bölgələrdən çəkilməyə başlayacaq. Yeddi gün sonra Həmas dörd girovu daha azad edəcək. Bunun əvəzində İsrail cənubdakı düşərgələrdə olan fələstinlilərin şimala getməsinə icazə verəcək. Ancaq bu, sahil yolundan, nəqliyyatsız şəkildə həyata keçiriləcək. Avtomobillər, heyvanların çəkdiyi arabalar və yük maşınlarının transferi Salahəddin avtomagistralı vasitəsilə həyata keçiriləcək. Burada bir nəzarət məntəqəsi yaradılacaq və keçən avtomobillər həssas cihazlarla yoxlanacaq. Bu nəzarət məntəqəsi Qətər və Misir təhlükəsizlik qüvvələri tərəfindən idarə ediləcək.

 

Razılaşmaya əsasən, ilk 42 gündə İsrail hərbçilərinin bir qismi Filadelfiya dəhlizində qalmağa davam edəcək. Bu mərhələdə dəhlizin şərq və şimal sərhədləri boyunca 800 metrlik bir bufer zonası yaradılacaq. İsrail 1000 fələstinli məhbusu azad etməyi də qəbul edib. Bunların arasında 15 il və ya daha çox həbs cəzasına məhkum edilmiş təxminən 190 nəfər var. Həmas buna cavab olaraq Qəzzadakı 34 girovu azad edəcək. Razılaşmanın ikinci və üçüncü mərhələləri üçün danışıqlar atəşkəsin 16-cı günündə başlayacaq.


Mənbə:BBC Türkiyə
Nəzrin İsmayılova