Azərbaycanın siyasi aləmdə prioriteti: ABŞ ilə strateji əlaqələrin gücləndirilməsi
Bölmə: Siyasət › ,Tarix: 18:34 15.01.2025
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Antoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanla strateji tərəfdaşlıq sənədini imzalayan Antoni Blinken bir həftə sonra dövlət hakimiyyətində olmayacaq:
“Bayden administrasiyasının əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hakimiyyətlərinin son günlərinə qədər imzalanması idi. Onlar bunu siyasi uğur kimi göstərəcəkdilər. Lakin bu, mümkün olmadı. Bunun səbəbi Azərbaycanın öz mövqeyində israrlı olmasıdır. Azərbaycan hüquqi təminat istəyir, Ermənistanın Konstitusiyasından və qanunvericiliyindən ərazi iddialarının çıxarılmasını tələb edir. Bu tələblər yerinə yetirilmədiyi üçün ABŞ-nin təzyiqləri nəticə vermədi”.
Politoloq qeyd edib ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində Ermənistanın prioritetliyi Bayden administrasiyası ilə məhdudlaşır:
“Donald Trampın hakimiyyətə qayıdışı ilə ABŞ-nin xarici siyasəti dəyişəcək. Tramp administrasiyası Baydenin Ermənistanı prioritet kimi göstərdiyi siyasəti davam etdirməyəcək. Cənubi Qafqazda ABŞ üçün ən cəlbedici ölkə Azərbaycandır. Azərbaycan ABŞ ilə əməkdaşlığı gücləndirmək istiqamətində addımlar atmalıdır. Bu həm Azərbaycanın, həm də Tramp administrasiyasının maraqlarına uyğundur.”
Politoloq əlavə edib ki, imzalanan sənədin Ermənistan üçün ciddi nəticələr doğurması gözlənilmir:
“Bu sənəd daha çox deklarativ xarakter daşıyır. Ermənistan üçün təhlükəsizlik zəmanəti vəd etmir. Sənədin taleyi Donald Tramp administrasiyasının davranışlarından asılı olacaq. Ermənistan bu sənədi daxili siyasi mübarizələrdə, xüsusilə növbədənkənar parlament seçkilərində istifadə etməyi planlaşdırır”.
Sonda politoloq vurğulayıb ki, ABŞ ilə strateji əməkdaşlıq baxımından Azərbaycan ön planda olmalıdır:
“Geosiyasi baxımdan Cənubi Qafqaz ABŞ üçün prioritet deyil. Bu regionda ABŞ ilə əməkdaşlıq edəcək əsas ölkə Azərbaycandır. Azərbaycan ABŞ ilə əlaqələri daha da gücləndirməlidir”.
Kəmalə Vəliyeva