ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sənədi imzalanıb

Bölmə: Siyasət › ,
Tarix: 19:11 15.01.2025

Bayden administrasiyası son günlərini yaşayır. Administrasiyanın son günlərində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalandı. ABŞ-nin Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcəyi bildirilib.

 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ bu sənəd vasitəsilə regiondan Rusiyanı çıxarmağa çalışacaq:

 

“Bayden administrasiyasının Ermənistanla imzaladığı bu sənəd 9 il öncəki hadisəni xatırladır. Belə ki, o zamanda Obama hakimiyyətinin son günlərində ABŞ Ermənistanın xahişinə uyğun olaraq, Ermənistana, o cümlədən, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində quraşdırmaq üçün 2016-cı ilin sonlarında yüksək dəqiqlikli müşahidə kameralarının göndərilməsi ilə bağlı sənəd imzaladı və bu kameralar Ermənistana göndərildi. Dünən Ermənistanla ABŞ arasında imzalanmış sənəd Cənubi Qafqaz üçün müsbət heçnə vəd etmir. Çünki bu sənədlə ABŞ Ermənistan üzərindən regiona daxil olmaq və burada öz mövcudluğunu gücləndirmək niyyətindədir. Ermənistan məhz Cənubi Qafqazda ‘’troya atı’’ qismində çıxış edir. Nəzərə alsaq ki, Cənubi Qafqazda hələ də münaqişələr qalmaqdadır və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb, sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatmayıb, Zəngəzur dəhlizi açılmayıb və bütün bunlar hamısı əslində həm də ABŞ-nin Ermənistana etdiyi təsirlərin və təkliflərin nəticəsində baş verib. Belə ki, ABŞ həm də Cənubi Qafqazda münaqişələrdə özünün moderatorluğunu təmin etməyə çalışır ki, bunun üzərinə həm də Azərbaycana təzyiq etmək niyyətindədir. Nəzərə alsaq ki, bu imzalanmış sənəddə müdafiə-təhlükəsizlik, sərhəd və gömrük məsələləri də nəzərdə tutulur. ABŞ tərəfi yaxın zamanlarda Ermənistana nümayəndə heyətini göndərməyi planlaşdırır. Bütün bunların gələcəkdə regiona fayda verəcəyini düşünmürəm. İmzalanmış bu sənəd hesab edirəm ki, regionun digər ölkələrinə qarşı yönəlmiş bir sənəddir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına da hesab edirəm ki, müsbət təsiri olmayacaq. ABŞ-nin bölgəyə hərbiçilərinin göndərib-göndərməyəcəyini indidən söyləmək çətindir. Belə ki, Bayden administrasiyasının atdığı bu addım əslində, gələcək hakimiyyət üçün öhdəliklər yaratmaq məqsədi daşıyır. Hər halda Trampın dönəmində əsas məsələnin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması olacağını düşünmürəm. Trampın daha böyük problemləri və daha böyük hədəfləri var. Bunlara daha çox köklənəcək. Bu sənədin imzalanması isə həm sülh prosesini gecikdirəcək, həm delimitasiya-demarkasiya prosesini zəiflədəcək və ən önəmlisi Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən problemlər yaradacaq”.

 

Günel Verdiyeva