Qarabağda mədəni irsin bərpası davam edir
Bölmə: Sosial › ,Tarix: 17:09 15.01.2025
Deputat Azər Badamov Qarabağda mədəni irsin bərpası və yeni layihələr haqqında “İnformator.az”a açıqlama verib. Deputat bildirib ki, Ermənistanın işğalı dövründə Qarabağda milli-mədəni irsimiz məhv edilib, dini abidələr dağıdılıb və təhqir olunub:
“Ermənilər torpaqlarımızı işğal altında saxladıqları 30 il ərzində milli-mədəni irsimizi məhv edərək, 67 məsciddən 65-ni yerlə-yeksan edib, 2 məsciddən isə donuz saxlamaq üçün istifadə ediblər” – deyə Azər Badamov vurğulayıb.
O qeyd edib ki, son 5 il ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 23 milyard manat vəsait ayrılıb:
“Bu müddət ərzində yeni şəhər və kəndlər salınıb, 10 mindən çox keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. Yaşayış məntəqələrinin yenidən qurulması ilə yanaşı, həmin ərazilərdə milli-mədəni abidələrin bərpası prosesi də sürətlə davam edir. Qarabağ xanlığının irsinə aid olan tarixi Pənahəli xanın İmarət Kompleksi artıq yenidən qurularaq istifadəyə verilib. İşğaldan azad olunmuş ərazilərdə milli-mədəni abidələrin bərpasında Heydər Əliyev Fondu mühüm rol oynayır. Bu layihələrin icrasında həm yerli, həm də xarici mütəxəssislər iştirak edir və hər bir abidə tarixi üsluba uyğun şəkildə yenidən qurulur.”
Azər Badamov həmçinin həmin ərazilərin turizm potensialının dirçəldilməsinin vacibliyini vurğulayıb:
“Şuşada bərpa edilən Bülbülün ev-muzeyi və digər tarixi abidələr turistlər üçün böyük maraq doğurur. Kəlbəcərin isti suları və digər ərazilərin turizm potensialı da dirçəldilir. Turizm Agentliyi bu ərazilərin turizm inkişafı ilə bağlı xüsusi proqram hazırlayıb. Qarabağda həyata keçirilən genişmiqyaslı layihələr regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Yeni iş yerləri açılır, turizm sektoru isə ölkənin iqtisadiyyatına əlavə gəlir gətirir. Bir neçə ildən sonra bu ərazilər yerli və xarici turistlərin ən sevimli məkanlarından birinə çevriləcək”.
Nəzrin İsmayılova