İran Prezidenti-“Nüvə silahı hazırlamırıq”

Bölmə: Siyasət › ,
Tarix: 21:09 15.01.2025

Məsud Pezeşkian “NBC Nyus”a müsahibəsində İranın nüvə silahı ilə bağlı ittihamlarını rədd edib və bunları əsassız adlandırıb.


Siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında İranın xarici siyasətini və nüvə proqramına dair son açıqlamalarını dəyərləndirib:

 

“İranın bu cür bəyanatları artıq dünyada ciddi və məsuliyyətli mövqe kimi qəbul edilmir. Artıq dünya qəbul edir ki, İran üzdə bir cür danışır, altda baş başqa cür hərəkət edir. Məsud Pezeşkiyan bu posta gətiriləndə də demişdik ki, o, əslində İranın radikal və mühafizəkar siyasətini görüntü olaraq sanki islahata meylli və dəyişikliklərə can atan görkəmdə təqdim etmək üçün gətirilib. Bilirik ki, İranı prezident idarə etmir, ali dini lider idarə edir. Prezident onun müşaviri səlahiyyətindədir əslində. Hazırda İran ilə ABŞ və Qərbin münasibətləri üzdə gərgin görünür. Bu gərginliyi azaltmaq üçün və fürsət əldə etmək üçün təbiidir ki, Prezident Pezeşkiyan bu cür açıqlamalar verəcək. İran nüvə silahı yaratmaq istəyir və bəzi məlumatlara və analizlərə görə artıq önəmli hissəsini hazırlayıb da. İsrailin və ABŞ - nin narahatlığı da əslində buna görədir. Onlar Əfqanıstan, İraq və başqa məsələlərdə razılaşdırılmış rəyə görə müsəlman ölkələrində İran öz rolunu oynamalı, lakin nüvə silahı hazırlamamalı idi. İran artıq ABŞ ilə arasında olan bu "sazişə" dönük çıxsa o zaman İrana müdafiə ola bilər. Pezeşkiyan əslində demək istəyir ki, biz nüvə silahı düzəltmirik, lakin siz danışılan və razılaşılan digər proseslərdən də İranı məhrum edirsiniz. Suriya və Livandan artıq İran məlumdur ki, çıxarıb. İsrail isə ABŞ ilə İranın bu razılaşmasını heç cürə qəbul etmir və İranın gizli şəkildə nüvə silahı hazırladığını iddia edir. Qərb ölkələri ilə İranın münasibəti ABŞ ilə münasibətlərinə bağlıdır”.

 

O, həmçinin qeyd edib ki, İran Suriyada PKK və YPG kimi təşkilatlara PUA-lar vermək barədə razılığa gəlib və ABŞ-nin Ermənistan ərazisində, İranla sərhəddə qoşun saxlamasına qarşı ciddi etiraz etməyib:

 

“İran öz proksilərini Yəmən və İraqda ABŞ və İsrailə ‘sataraq’ nüvə bazarlığı edə bilər.İran nüvə silahı hazırlamasa da belə onun ümumiyyətlə mövqeyi, ideologiyası, siyasi proseslərə müdaxilə üsulu nüvə silahından daha təhlükəli və daha dağıdıcıdır”.


Xanım Ağamalıyeva